“Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazın siyasi mənzərəsini müəyyən edən tarixi hadisədir. Tərəflərin uzun illər davam edən münaqişənin qəti həllinə razılıq verməsi onilliklər boyu gərginlik və müharibələrə son qoydu, ölkələrimizə isə uzun illərdən sonra düşmənçilik və tərəddüdlər olmadan gələcəyə baxmaq imkanı verdi”.
Bunu Paralel.az -a açıqlamasında Milli Məclisin deputatı Sevinc fətəliyeva deyib.
Deputat bildirib ki, iki dövlət arasında əldə edilən sülh cəmiyyətlər qarşısında tamamilə fərqli perspektivlər açır:
“Ermənistan ərazi iddialarından imtina etməklə uzunmüddətli blokadadan və təcriddən çıxmaq şansı qazanır. Halbuki, işğalçılıq siyasəti onun inkişafını ləngidirdi. Artıq işğalçılıq və ərazi iddialarından əl çəkməsi Ermənistan üçün perspektivlər açır.
Sülhün əldə olunması Azərbaycan üçün isə suverenliyin möhkəmlənməsi və tarixi ədalətin bərpasıdır. İndi münasibətlər hərbi məntiq üzərində deyil, əməkdaşlıq, praqmatizm və iqtisadi maraqlar əsasında qurulmalıdır.
Əsas istiqamətlərdən biri yeni nəqliyyat marşrutlarının formalaşdırılması olacaq. Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək layihələr təkcə dövlətlərimiz üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Onların reallaşması yeni bazarların açılmasına, ticarət dövriyyəsinin sürətlənməsinə və Cənubi Qafqazın qlobal enerji və logistika zəncirlərinə inteqrasiyasına imkan yaradacaq. Bu, regionu sabitlik və inkişaf məkanına çevirmək üçün atılan mühüm addımdır.
Etiraf etmək lazımdır ki, sülh sazişi hər iki ölkədən ciddi daxili transformasiya tələb edir. Ermənistan cəmiyyəti yeni reallığı qəbul etməli və onilliklər boyu ərazi iddiaları ilə bəslənən revanşist əhval-ruhiyyədən imtina etməlidir. Nikol Paşinyanın avqustun 18-də öz vətəndaşlarına müraciətində destruktiv mövqe sərgiləməməsi, əksinə sülhün önəmini vurğulaması müsbət məqamdır. Bütün Ermənistan cəmiyyəti Paşinyanın ifadə etdiyi reallıqları anlamalı və qəbul etməlidir.
Azərbaycan üçün isə milli maraqları qorumaqla yanaşı, xalqın rifahına və regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən əməkdaşlığa hazır olduğunu nümayiş etdirmək vacibdir. Bu məsələdə dövlətimizin siyasi iradəsi ortadadır. Azərbaycan Prezidenti İlham Əliyev qalib lider kimi regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün möhtəşəm siyasət yürüdür. Nəzərə alaq ki, sülh sazişinin imzalanması təşəbbüsü məhz Azərbaycana məxsusdur.
Yaranmış sülh genişmiqyaslı infrastruktur və investisiya təşəbbüslərinə yol açır ki, bu da Cənubi Qafqazı Şərq ilə Qərbin qovşağına çevirə bilər. Maneələrin aradan qaldırılması ümumi bazarın formalaşmasına və inteqrasiya proseslərinin sürətlənməsinə şərait yaradır. Bu kontekstdə yeni siyasi və iqtisadi əlaqələri milli suverenlik və regional tərəfdaşlıq əsasında qurmaq xüsusilə vacibdir.
Bu gün biz tarixi dönüşün astanasındayıq. Ermənistan və Azərbaycan arasında sülh təkcə kağız üzərində olan saziş deyil, hər iki cəmiyyət üçün çağırışdır: keçmişdən çıxaraq gələcəyi əməkdaşlıq və etimad əsasında qurmaq bacarığımızı sübut etməliyik. Bu suala cavab liderlərin siyasi iradəsindən və xalqlarımızın yetkinliyindən asılıdır. Ancaq yalnız münaqişə məntiqindən imtina edib ümumi maraqları dərk etməklə dayanıqlı inkişaf və Cənubi Qafqazın sülh, sabitlik və rifah regionuna çevrilməsi mümkündür”.
Mürtəza