AZ

5 aydır itkin düşmüşdü, meyiti tapıldı - Rəsmi açıqlama+Yenilənib

Cari il mart ayının 20-də Qazax rayon sakini 2004-cü il təvəllüdlü Sadıqov Tamerlan Mustafa oğlunun itkin düşməsi ilə bağlı daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.

“Qafqazinfo”nun məlumatına görə, T.Sadıqovun meyiti qonşusu rayonun Aşağı Salahlı kənd sakini 1988-ci il təvəllüdlü Məmmədrzayev Xaliq Məmmədrza oğlunun yaşadığı evin həyətindəki quyudan tapılıb.

Araşdırmalarla X.Məmmədrzayevin martın 20-də aralarında yaranmış mübahisə zamanı T.Sadıqovu odlu silahdan açdığı atəşlə öldürüb quyuya atmasına dair əsaslı şübhələr müəyyənləşdirilib. X.Məmmədrzayev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və ondan cinayət aləti olan 1 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkarlanıb. Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

***

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb.

Bildirilib ki, itkin düşmüş şəxsin istintaq yolu ilə qəsdən öldürüldüyü müəyyən olunub:

“Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirləri həyata keçirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub.

Belə ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Tamerlan Sadıqovun cari il martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq tərəfindən icra olunan çoxsaylı istintaq hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual hərəkətlər nəticəsində Tamerlan Sadıqovun həmkəndlisi, 1998-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən olunub.

T.Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb və aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam etdirilir”.

Seçilən
8
44
qafqazinfo.az

10Mənbələr