AZ

Fransaya neft ixracı azalıb: Azərbaycanın enerji bazarında yeni reallıqlar - ŞƏRH

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Fransaya 81,7 min ton həcmində xam neft ixrac olunub və bu, dəyər baxımından 41,3 milyon ABŞ dolları təşkil edib. Rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 8,9 faiz, dəyəri isə 27,6 faiz azalıb. Ümumi neft ixracında Fransanın payı isə cəmi 0,56 faiz olub. Diqqətçəkən digər məqam isə budur ki, bu ilin ilk dəfə olaraq yalnız iyul ayında Fransaya neft ixracı həyata keçirilib.

Azərbaycanın ümumi neft ixrac göstəriciləri fonunda Fransaya olan həcmlər olduqca kiçikdir. Ölkə ümumilikdə 14,4 milyon ton həcmində və 7,66 milyard dollar dəyərində xam neft ixrac edib. Bu, xarici ticarət dövriyyəsinin ən böyük hissəsini təşkil edir və neft ixracı Azərbaycanın ümumi ixrac gəlirlərinin əsas mənbəyi olaraq qalır. Bu mənzərə Azərbaycanın enerji bazarında strateji mövqeyini bir daha təsdiqləsə də, Fransa istiqamətində azalma diqqət çəkir.

Azalmanın səbəblərini bir neçə istiqamətdə dəyərləndirmək olar. Birincisi, qlobal enerji bazarında qiymətlərin dəyişkənliyi mühüm amildir. 2024-cü illə müqayisədə neftin dünya bazar qiymətlərində dalğalanmalar ixracdan əldə olunan gəlirlərə birbaşa təsir göstərib. İkinci amil Avropa İttifaqının enerji siyasətində şaxələndirmə kursu ilə bağlıdır. Son illərdə Avropa ölkələri, o cümlədən Fransa enerji tədarükünü daha çox müxtəlif mənbələrə yönəltməyə, alternativ və bərpa olunan enerji mənbələrinə üstünlük verməyə çalışır. Bu yanaşma Azərbaycanın həmin bazardakı payının azalmasına təsir göstərir.

Digər tərəfdən, ixracın yalnız iyul ayında həyata keçirilməsi göstərir ki, bu istiqamət daha çox epizodik xarakter daşıyır. Bu, uzunmüddətli ticarət tendensiyasından çox, qısamüddətli bazar şərtləri və müqavilələrlə bağlı ola bilər. Azərbaycan neftinin əsas ixrac bazarları isə ənənəvi olaraq İtaliya, Türkiyə və bir sıra digər Avropa ölkələridir. Fransaya ixracın həcmi az olsa da, Avropanın enerji bazarındakı ümumi tendensiyaların göstəricisi kimi diqqətə alınmalıdır.

Xarici ticarət göstəricilərinə nəzər saldıqda, Azərbaycanın yanvar-iyul dövründə 28,8 milyard dollarlıq ümumi ticarət əməliyyatları apardığı, bunun 15,2 milyard dollarının ixracın, 13,6 milyard dollarının isə idxalın payına düşdüyü görünür. Burada neft ixracı həlledici mövqedədir və qeyri-neft ixracının genişlənməsi strateji hədəf olaraq qalır. Fransaya neft ixracındakı azalma da bu fonunda daha çox simvolik məna kəsb edir, çünki Azərbaycanın əsas ixrac gəlirlərinə ciddi təsir göstərmir.

Seçilən
25
aznews.az

1Mənbələr