"ABŞ lideri İsrail baş nazirini müdafiə etdi, özünü də qəhrəman adlandırdı..."
ABŞ prezidenti Donald Tramp yenidən qalmaqallı bəyanatla gündəmə gəlib. O, radioaparıcı Mark Levinə verdiyi müsahibədə İsrailin baş naziri Benyamin Netanyahunu "müharibə qəhrəmanı" adlandırıb və bu titulu özünə də şamil edib.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
"Netanyahu yaxşı insandır, o döyüşür, o müharibə qəhrəmanıdır. Biz birlikdə işlədik, ona görə mən də qəhrəmanam. Heç kimə maraqlı deyil, amma təyyarələri göndərən mən idim", - Tramp bildirib.
İran və Qəzza məsələsi
Tramp bu sözləri ilə ABŞ-ın İranda nüvə obyektlərinə qarşı hava zərbələrinə işarə edib. Onun fikrincə, bu əməliyyatlar lazımi qədər dəyərləndirilməyib: "Mən qəhrəmanam, amma heç kim buna əhəmiyyət vermədi".
O, həmçinin Netanyahunun hələ də məhkəmə və istintaqlarla üzləşməsini tənqid edib: "Onu həbs etmək istəyirlər", - o, vurğulayıb. Burada Trampın sözü həm Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) Qəzzadakı hərbi cinayətlərə görə verdiyi həbs orderinə, həm də İsraildə baş nazirə qarşı korrupsiya ittihamlarına aid ola bilər.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzadakı müharibə cinayətlərinə görə həbs orderi çıxarıb.
Əsir mübadiləsi və HƏMAS məsələsi
Müsahibədə Tramp əsirlərin azad olunmasında da öz rolunu qabardıb: "Məndən başqa heç kim onları geri qaytara bilməzdi. Mənə çoxlu məktublar gəlib - həm valideynlərdən, həm də azad edilənlərdən".
O, eyni zamanda ABŞ demokratlarını kəskin tənqid edərək, Senat lideri Çak Şumeri "Nyu-Yorkun fələstinli senatoru" adlandırıb. Öz sosial şəbəkəsində isə Tramp yazıb ki, Qəzzada saxlanılan israilli əsirlər yalnız "HƏMAS tamamilə məhv edildikdə" qaytarıla bilər.
Sərt tənqidlər
Trampın bəyanatları ABŞ daxilində də etirazla qarşılanıb. Respublikaçılar Partiyasının keçmiş nümayəndəsi və Milli Qvardiyanın veteranı Adam Kinzinger CNN-ə açıqlamasında deyib: "Bu, ağılsızlıqdır. Tramp heç vaxt orduda xidmət etməyib. Özünü həqiqi müharibə qəhrəmanları ilə müqayisə etmək təhqirdir".
Trampın hərbi mövzularda bənzər qalmaqalları əvvəllər də olub. 2015-ci ildə o, mərhum senator Con Makkeynin qəhrəman statusunu şübhə altına alıb, 2018-ci ildə isə Birinci Dünya müharibəsində ölən əsgərləri "axmaq" adlandırmaqda ittiham edilib.
Qəzzadakı faciəvi statistika
7 oktyabr 2023-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində ən azı 62 min fələstinli həlak olub, 156 min nəfər isə yaralanıb. Bu şəraitdə Trampın Netanyahunu "qəhrəman" elan etməsi həm beynəlxalq aləmdə, həm də ABŞ daxilində kəskin rezonans doğurub.