ain.az, Yeniavaz saytına istinadən bildirir.
Bu ilin 1 iyul tarixinə olan məlumata görə Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda muzdlu (əmək müqaviləsiylə) işçilərin sayı 906 min 662 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur.
Özəl sektorda ən çox muzdlu işçi ənənəvi olaraq Bakı şəhərində çalışır – 584 mindən çox. Ən az işçi sayı isə Qubadlı rayonunda qeydə alınıb – cəmi 223 nəfər.
İşçi sayında ən böyük artım Xankəndi şəhərində müşahidə olunub. Burada muzdlu işçilərin sayı 12 nəfərdən 547 nəfərə qalxaraq təxminən 45 dəfə artıb. İkinci yerdə Xocalı rayonu gəlir – 8 nəfərdən 184 nəfərə yüksəlişlə 23 dəfə artım baş verib.
Cəbrayıl rayonunda isə işçilərin sayı 249 nəfərdən 548 nəfərə qalxaraq 2,2 dəfə artıb. Əhəmiyyətli artım həmçinin Ağdərə (87,5%), Xocavənd (47,5%) və Ağdamda (27,3%) qeydə alınıb.
Ən çox azalma isə Laçın rayonunda olub. Burada muzdlu işçilərin sayı 1690 nəfərdən 983 nəfərə düşərək 41,8% azalıb. Həmçinin Zəngilan (21,6%) və Qubadlı (19,2%) rayonlarında da azalma qeydə alınıb.
Naxçıvan Muxtar Respublikasında ümumi işçi sayı sabit qalıb – 23 min 260 nəfər. Ən böyük artım Şahbuz rayonunda (8,7%) olub. Bakı rayonları arasında isə ən çox artım Nərimanov (7,3%) və Xətai (6,8%), ən çox azalma isə Pirallahı (8,4%) rayonlarında müşahidə edilib.Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.