AZ

Astaralıların qürurla çəkdikləri ad- Zəka

İndi astaralıların ən çox qürur duyduqları, adını iftixarla çəkdiyi gənc Zəka Ziya oğlu Əliyevdir. Zəkaya bu hörməti, sevgini  qazandıran onun fitri istedadı, oxuyub öyrənməyə sonsuz sevgisi,  paklıq, saflıq dünyasından pöhrə tutan mənəviyyatı, bir də   öz Vətəninə, torpağını  olan həqiqi sevgisidir. Qəlb dünyası sevdalı olan Ziya hər nə edirsə, birinci xalqını, Vətənini düşünür. İlk gündən həyat yolunu xoş arzular üzrə quran Zəkanın qazandıqları çoxdur. Daha bir uğuru isə    Dövlət Təqaüd Proqramının qalibi olaraq Böyük Britaniyanın (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) Mançester Universitetinə qəbul olunub. O, həmçinin   bütün dünyada tanınan bu ali təhsil ocağında  “Advanced Control and Systems Engineering” ixtisası üzrə magistratura təhsili alacaq. Onu da demək yerinə düşər ki,  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamı əsasında  imzalanıb və  proqram hər il istedadlı gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına imkan yaradır.

El-obada əsl övlad məhəbbəti ilə sevilən Zəka Əliyev 8 yanvar 2003-cü ildə Astaranın  Kakalos kəndində  dünyaya göz açıb. Orta təhsilini Kakalos kənd Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə, daha sonra 10–11-ci sinifləri Z. Ə. Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseyində başa vurub. “Əla” qiymətlərlə oxuması, nizam-intizamı, xeyirxah əməllərə can atması onun parlaq gələcəyindən xəbər verib. Belə da olub. Dərin savadı, ən əsası qəlbində bəslədiyi  başqasına işıq olmaqla  özünə xoşbəxtlik  çələngi  hörmək  istəyi ilk yolunu düzgün tapıb. Belə ki,  2020-ci ildə 612 balla Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olunaraq “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilinə başlayıb və bu pilləni uğurla başa vurub. Eləcə təhsil illərində akademik nailiyyətləri ilə seçilən Zəka Əliyev Riyaziyyat fənni üzrə keçirilən Respublika Fənn Olimpiadasında (RFO) gümüş medal qazanıb. Beləcə  ilk uğurlar Zəkanın mədəni, mənəvi dünyasına yadda qalan naxışlar vurub.  Vətənin, xalqın xoşbəxtliyi naminə bütün istedadını, var-qüvvəsini ortaya qoyub, elmin nuruna tapınmaqla yeni-yeni uğurlara yan alıb.

Zəka Əliyev Xarici dil biliklərinə də xüsusi önəm verməklə  IELTS imtahanından 7.5 nəticə əldə edib.  Eyni zamanda Elmi və texnoloji yarışlarda fəallıq göstərən gənc mühəndis “TEKNOFEST 2023”də “Zəngəzur” komandasının kapitanı olaraq final mərhələsində iştirak edib.  Həmçinin “Minahack” hakatonunda IV yer qazanıb. Göründüyü kimi, Zəkanın qazandığı uğurların davamı gəlir. İnanmaq olar ki, vətənpərvər gənc Böyük Britaniyada  olarkən, ölkəmizin adını ləyaqətlə təmsil edəcəkdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
21
ikisahil.az

1Mənbələr