AZ

5 manatlıq bilet – Sui-istifadə, yoxsa azarkeşi uzaqlaşdırmaq niyyəti?

Azərbaycan millisi AVRO-2026-nın seçmə mərhələsində ilk ev görüşünü sentyabrın 9-da keçirəcək.

Sentyabrın 5-də İslandiyanın qonağı olacaq ölkənin bir nömrəli futbol komandası dörd gündən sonra Ukraynanı qəbul edəcək.

Oyuna iki həftə qalmış AFFA rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsilə biletlərin satışa çıxarıldığını ictimaiyyətin diqqətinə çatdırıb.

Qiymətlər 5 manatdan başlayıb 200 manatda bitir.

Vəziyyətin bu cür olması futbolsevərlərin narazılığına səbəb olub. Azarkeşlər illərdir uğursuzluq yaşayan yığmanın matçına giriş üçün azı 5 manatın tələb olunmasını anormal sayır.

Haqlıdırlarmı? Əlbəttə!

Məğlubiyyətləri sıralayan, tarixi ilklərlə cırtdan ölkələrin tarixinə düşən, ildə ən yaxşı halda bir dəfə qalib gələn milli komanda onsuz da olan-qalan tərəfdarları da özündən uzaq salıb.

Elə bir durum yaranıb ki, bileti havayı da versən, qaytarıb üzünə çırpacaq. Çünki böyük əksəriyyət yığmanın əlindən qan ağlayır. Ölkə futbolunun başında dayananların yürütdüyü siyasət və verdikləri qərarlar milli komandanın nəticələrində özünü göstərir.

Bilet qiymətlərini ucuzlaşdırmaq əvəzinə bahalaşdırma metodunu seçənlərin iki niyyəti ola bilər. Ya tribunaların boş olmasında maraqlıdırlar, ya da son illər Ukrayna-Rusiya müharibəsinə görə azərbaycanlıların birincilərə olan sevgisindən maksimum dərəcədə yararlanmaq istəyirlər.

Ki, fanatlar Azərbaycana görə gəlməsələr də, Ukrayna seçməsinə görə əllərini ciblərinə salacaqlar.

Cənablar, biletdən pul qazanmaq dünya praktikasında rast gəlinən normal və ən rahat üsuldur. Ancaq bunun üçün vitrinə məhsul qoymaq şərtdir. Zay məhsula görə (oxu: bərbad futbol, nəticəsizlik) ağlı başında olan adam biletə 5, 7, 10, 20, yaxud 30 manat xərcləməz.

Bəli, “Qarabağ”a görə bu məbləğlərdən, hətta artığından da keçmək olar. Həm oyundan həzz alırsan, həm də nəticədən.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
25
sportinfo.az

1Mənbələr