Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ABŞ və İsrail vətəndaşlarına qarşı davam edən təhdidlərinə cavab olaraq əlavə sanksiyalar tətbiq edilir.
Leqal.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilib.
Rubio qeyd edib ki, prezident Donald Trampın 14203 saylı Fərmanına əsasən, Kanada vətəndaşı Kimberli Prost, Fransa vətəndaşı Nikola Gi-yo, Fidji vətəndaşı Nazhat Şamim Xan və Seneqal vətəndaşı Mame Mandia Niang sanksiya siyahısına salınıb. Onlar BCM-in ABŞ və İsrail vətəndaşlarına qarşı istintaq, həbs və təqib cəhdlərində birbaşa iştirak edən şəxslərdir.
ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton BCM-in siyasi alətə çevrilməsinə, hakimiyyətdən sui-istifadəsinə, dövlətlərin suverenliyinin pozulmasına və qanunsuz məhkəmə müdaxiləsinə qəti şəkildə qarşı çıxır.
“Bu məhkəmə milli təhlükəsizliyə təhdid yaradır və ABŞ ilə yaxın müttəfiqimiz İsrailə qarşı informasiya müharibəsinin alətinə çevrilib”, – deyə Rubio əlavə edib.
O həmçinin bildirib ki, ABŞ hökumətinin mövqeyi dəyişməzdir: ölkə öz əsgərlərini, suverenliyini və müttəfiqlərini BCM-in qanunsuz və əsassız addımlarından qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
Dövlət katibi BCM-i dəstəkləməyə davam edən ölkələri də bu “iflas etmiş instituta” qarşı çıxmağa çağırıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta