
Çində aparılan yeni araşdırmaya görə, 60 yaşdan yuxarı sağlam qidalanan insanların koqnitiv disfunksiya ilə qarşılaşma ehtimalı əhəmiyyətli dərəcədə aşağıdır.
Yeniavaz.com xəbər verir ki, belə bir məlumat “Geriatric Nursing” jurnalında dərc olunub.
Bildirilir ki, düzgün pəhriz seçimi yaddaş və düşüncə qabiliyyətinin qorunmasında mühüm rol oynaya bilər.
Mütəxəssislər bildirirlər ki, yaş artdıqca beynin məlumatı işləmə sürəti zəifləyir, bir neçə işi eyni anda yadda saxlamaq çətinləşir. Bununla belə, bəzi insanlarda yaddaşın, diqqətin, nitqin ciddi pozulması – yəni koqnitiv disfunksiya inkişaf edir. Bu, çox vaxt Alzheimer xəstəliyi və damar problemləri ilə əlaqədar olur.
Araşdırmada 60 yaşdan yuxarı şəxslərin pəhrizi ilə koqnitiv performansı arasındakı əlaqə təhlil edilib. Nəticələr göstərib ki, Aralıq dənizi pəhrizinə əməl edənlər, daha az sağlam qidalanan həmyaşıdlarına nisbətən 40 faiz daha az idrak pozğunluğuna məruz qalırlar.
Alimlər qeyd edirlər ki, gündəlik yeməklərdə meyvə, tərəvəz, paxlalılar, balıq və qoz-fındığa üstünlük verilməlidir. Eyni zamanda qırmızı ət, şirniyyat və qızardılmış qidaların istifadəsi minimuma endirilməlidir.