18 avqust Vaşinqton sammitinin yalnız vizual görünüşü istər istəməz iki təəssürat yaradırdı. Prezident Trampın Alyaskada diktator, işğalçı Putini pompez qarşılamasından, üstəlik Ukrayna üçün Rusiya prezidentindən heç bir müsbət cavab ala bilməməsindən Avropa liderlərinin çox narahat olduqları, onların üzlərində uzun müddət çəkilməyən kədərli və narazı baxışlardan aydın hiss olunurdu. Açığı deyək ki, bu narahatlıq görüşün sonunadək liderlərin üz ifadələrində qaldı.
Baxmayaraq ki, Tramp gülməli, zarafatyana sözlər söyləyib ortanı yumşaltmağa çalışsa da, Avropa liderlərinin üzündən sanki ağır daş sallanmışdı, çünki “heç hənanın yeri deyildi”. Son dövrlər Ukrayna məsələsində çox aktiv rol oynayan Finlandiya prezidenti Aleksandr Stubba qarşı Trampın etdiyi hərəkət isə tam bir anormallıq idi. Qarşısında əyləşən Finlandiya prezidentini sanki görmürmüş kimi, “bəs, o haradadır, onu görmürəm” deməsi, nə etikaya, nə protokol tələblərinə sığmadı. Hətta, sonradan “bildiyimə görə yaxşı qolf oynayır və yəqin nə vaxtsa onunla qolf oynayacam” deməsinin belə üzrü günahından betər idi. Finlandiya prezidenti kifayət dərəcədə soyuqqanlılıq nümayiş etdirdi, bəlkə də başqası olsaydı masadan qalxıb məclisi tərk edər və deyərdi ki, “məni tapanda görüşərik”.
Bütün bu vizual təəssüratlar bir tərəfə, əsas məsələ-Ukrayna idi və bu işdə konkret nəsə əldə edildimi? Putini müharibəni dayandırmağa məcbur edəcək hansı sərt qərarlar qəbul edildi? Belə məlum oldu ki, Ukraynaya təhlükəsizlik zəmanəti verildi. Amma, bu zəmanətin qüvvəyə minmə tarixi qeyri-müəyyən qaldı. Belə çıxır ki, toplaşanlar razılaşıblar ki, danışıqlar ikitərəfli və üçtərəfli formatda davam etdirilsin. Rusiyanın həqiqi reaksiyası gecikmədi. Lavrov olduqca sərt şəkildə bildirdi ki, Zelenski ilə Putinin görüşü olmayacaq, üçtərəfli görüş isə yaxın gələcəkdə görünmür. Yəni, Putin vaxt qazanır və qarşısında da heç bir təzyiq görmür. Amerika sanksiya tətbiq etmir, xəbərdarlıq belə etməkdən çəkinir.
Vaşinqton görüşündə gərək belə bir qərar qəbul ediləydi: əgər, Putin atəşkəsə bir həftə ərzində razılıq verməsə, birinci mərhələdə ən dağıdıcı sanksiyalar qəbul ediləcək. Yenə, müharibə dayandırılıb danışıqlara başlanmasa, ikinci mərhələdə ABŞ və Avropa ölkələrinin təhlükəsizlik zəmanəti qüvvəyə minəcəyini və yalnız silahla deyil, artıq qoşunlarla Ukraynanı müdafiə edəcəkləri barədə qərarlarını Putinə elan etməli idilər. Rusiya bunu üçüncü dünya müharibəsinin başlaması kimi qəbul etdiyini deyəcəkdi. Üçüncü mərhələdə isə Avropa və ABŞ bütün diplomatik əlaqələri kəsəcəyi və digər təzyiq vasitələrini tətbiq edəcəkləri barədə xəbərdarlıqlar etməli idilər.
Açığı, Vaşinqton görüşündən hansısa bir irəliləyişin olduğunu real olaraq görmək olmur və ABŞ, Avropa nəhayət, tunelin sonunda ümid işığı tapmaq istəyirlərsə, Trampın 7 aydan çoxdur apardığı yanlış siyasətə son qoyub, ən sərt təzyiq vasitələrinə keçməlidirlər. Avropa və ABŞ-nin mövqeləri o qədər fərqlidir və Trampın vasitəçilik rolu o qədər gözlənilməzdir ki, bu işə məsul olanlar hələ də ziddiyətli, təzadlı, bəzən isə antoqonist xarakter daşıyan bu qaydalara uyğun oynamağa üstünlük verirlər. Bu yanaşma nə Ukraynaya, nə Avropaya təhlükəsizlik vəd etmir. “Qara cümə” günü ilə qeyri-müəyyənliklə dolu bazar ertəsi arasında xüsusi bir fərq görünmədi. Elə bu qeyri müəyyənlik Putinin maraqlarına uyğun olduğundan Ukrayna daha ağır hücumlara məruz qalır və Lavrov xəbər göndərir:” İndi bizə kollektiv təhlükəsizlik məsələlərini Rusiyasız həll etmək təklif olunur. Biz bunula razılaşa bilmərik”.
Ukrayna razılaşdı ki, hazırkı xətt üzrə müharibəni dayandırmağa hazırdır, sonra isə əraziləri geri qaytarmaq hüququnu diplomatik yolla özündə saxlayır. Rusiya bunu istəmir. İstəməyənlə Tramp leksikonu ilə danışmaq heç bir uğur gətirməyəcək. Hələ 28 fevralda Zelenski Trampa demişdi ki, Putin diplomatiyadan anlamır, o yalnız gücə inanır. Tramp isə hələ də heç bir təzyiq göstərmir. Nəhayət, bundan sonra Tramp bu günədək Putinə təsir edə bilməməsini yanlış siyasətinin nəticəsi kimi qəbul edəcəkmi?
İlham İsmayıl