AZ

Azərbaycanlılara işgəncə verilən məkanla bağlı yeni təklif Keçmiş əsir və tarixçi alim danışdı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

XIX əsrin ortalarında inşa edilən Şuşa həbsxanası bərpa edilərək İşğal Muzeyi kimi fəaliyyət göstərəcək. Şuşa Şəhəri Dövlət Qoruq İdarəsindən bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə muzeyin yaradılması üçün layihə hazırlanır. Layihə çərçivəsində binanın tarixi və memarlıq xüsusiyyətləri qorunacaq, müasir muzey formatında bərpa edilərək gələcək nəsillərə təqdim olunacaq.

Bu layihə tarixi əhəmiyyətli binaların qorunması və gələcək nəsillərə təqdim olunması baxımından hansı rol oynayacaq?

Globalinfo.az-a danışan keçmiş əsir Dilqəm Əsgərov deyib ki, Şuşa həbsxanasının bərpa edilib İşğal Muzeyi kimi istifadəyə verilməsi təqdirəlayiq addımdır və gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb edir:

“Bu layihə vasitəsilə tarixi hadisələr canlı şəkildə göstərilərək, gənc nəsillərin milli yaddaş və vətənpərvərlik hissi gücləndiriləcək. Şuşa həbsxanasında əsir düşmüş şəxslərin təcrübəsi və yaşadıqları çətinliklər də nümayiş olunsa çox yaxşı olar.

Dilqəm Əsgərov

Orada əsir düşən azərbaycanlılar arasında ən uzun müddət – 6 il yarım – mən həbsdə qalmışam. Bu addım tarixi yaddaşın qorunması və gələcəyimiz üçün önəmli faktordur”.

Həmçinin oxuyun:

Şuşa həbsxanası ilə bağlı AÇIQLAMA

AMEA-nın əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli bildirib ki, Şuşa həbsxanası tariximizin mühüm bir hissəsini əks etdirir:

“Çar Rusiyası dövründə inşa edilsə də, Azərbaycan Cümhuriyyəti, Sovet dövrü və sonrakı mərhələlərdə də tarixi əhəmiyyət kəsb edib. İşğal Muzeyinin yaradılmasında məqsəd insanlara işğalın zərərini göstərmək və gələcək nəsillərin müstəqilliyin qorunmasının vacibliyini başa düşməsini təmin etməkdir.

Faiq Ələkbərli

Şuşa həbsxanası son iki əsrin mühüm tarixi nümunəsidir və onu bərpa edərkən məqsəd həm minillik müstəqillik tariximizi, həm də son dövrlərdə yaşadığımız çətinliklərdən sonra müstəqilliyimizi yenidən qorumağı, gələcək nəsillərə örnək göstərməyi təmin etməkdir. Tariximizi unutmamaq, xüsusilə I və II Qarabağ müharibələrində Azərbaycanın müstəqilliyini qorumaq baxımından da önəmlidir. Şuşa həbsxanası bu məqsədlə bərpa edilərək həm tarixi nümunə, həm də milli yaddaşın qorunması üçün bir simvol olacaq”.

Xatırladaq ki, birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş xeyli sayda azərbaycanlı Şuşa həbsxanasında ermənilərin dəhşətli işgəncələrinə məruz qalıb. Bununla bağlı şahidlərin ifadələri əsasında sənədli filmlər çəkilib, mətbuatda reportajlar, müsahibələr dərc edilib.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
globalinfo.az

2Mənbələr