AZ

Netanyahu Makronu antisemitizmi alovlandırmaqda ittiham edir

Paris, 20 avqust, AZƏRTAC

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa çağırmaqla Fransada antisemitizmin alovlanmasına səbəb olmaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, rəsmi məktubunda bildirib. Məktub AFP-yə təqdim olunub. Fransa isə bu ittihamlara sərt cavab verib: "Fransa antisemitizmlə mübarizədə heç kimdən dərs almağa ehtiyac duymur."

“Sizi zəifliyi fəaliyyətlə, sakitləşdirməni isə iradə ilə əvəz etməyə çağırıram. Bunu açıq şəkildə müəyyən olunmuş tarixədək – yəhudi yeni ili, 23 sentyabr 2025-dək etməyinizi istəyirəm”, - deyə Netanyahu Makrona yazdığı məktubda qeyd edib.

O, Fransada antisemitizmin artmasından və Fransa hökumətinin qərarlı tədbirlər görməməsindən dərin narahatlıq keçirdiyini bildirib. Netanyahu qeyd edir ki, Makronun İsrailə qarşı tənqidi çıxışları və Fələstin dövlətinin tanınmasını dəstəkləməsi Fransadakı antisemit əhvali-ruhiyyəni daha da alovlandırıb.

Netanyahu məktubda bildirir ki, Fransa şəhərlərində yəhudilərə qarşı qorxu, vandalizm və zorakılıq kampaniyası başladılıb.

O, son aylarda Fransada baş verən bir neçə hadisəni - El Al aviaşirkətinin Parisdəki ofisinin dağıdılması, Livry-Gargan şəhərində bir yəhudinin hücuma, eləcə də bir neçə ravvinin Paris küçələrində fiziki zorakılığa məruz qalması kimi hadisələri nümunə göstərib. Netanyahu bu hadisələri izolyasiya olunmuş yox, ümumi bir bəlanın əlaməti adlandırıb.

Məktubda Makronun Fələstin dövlətinə dəstəyinin antisemit odunu alovlandırdığı və Fransadakı yəhudilərə qarşı nifrəti təşviq etdiyi bildirilir.

Netanyahu məktubunda ABŞ Prezidenti Donald Trampı da nümunə kimi göstərərək, onun Amerikadakı yəhudiləri qorumaq və antisemit cinayətlərə qarşı mübarizə aparmaq istiqamətindəki səylərini yüksək qiymətləndirib.

Fransa isə iddialar yersiz və alçaldıcıdır deyə dərhal rəsmi cavab verib. “Antisemitizm Avropa cəmiyyətlərini zəhərləyən ciddi problemdir. Lakin bu məsələ siyasi məqsədlər üçün alətə çevrilməməlidir. Fransa hər zaman bu sahədə qətiyyətlə və prinsipial şəkildə hərəkət edib”, - deyə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad bildirib.

Yelisey Sarayı isə Netanyahu tərəfindən irəli sürülən ittihamları "səhv, qəbuledilməz və təhqiramiz" adlandırıb. “Fransa Respublikası öz yəhudi vətəndaşlarını hər zaman qoruyub və qorumağa davam edəcək. Hazırkı dövr ciddi və məsuliyyətli yanaşma tələb edir, manipulyasiya və yalan ittihamlar yox”, - deyə Yelisey Sarayı cavabında deyib.

Qeyd edək ki, Fransa 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Fələstin dövlətini rəsmi tanıyacağını elan edib. Netanyahu bu qərarı terrorun mükafatlandırılması kimi dəyərləndirib. ABŞ bu addımı təhlükəli və məsuliyyətsiz adlandıraraq rədd edib.

Seçilən
22
3
azertag.az

4Mənbələr