AZ

NDU-nun startap komandaları “İnnostart” layihəsinin qalibi olub

Naxçıvan, 20 avqust, AZƏRTAC

Regionlarda innovasiyanın inkişafına təkan verən “İnnostart” layihəsinin qalib startapları məlum olub.

Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ali təhsil ocağı artıq neçə müddətdir innovasiya ekosisteminin inkişafı və gənclərin startap təşəbbüslərinin dəstəklənməsi məqsədilə “SUP VC” MMC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə “İnnostart” layihəsini həyata keçirir. Layihənin icrası çərçivəsində 2024-cü ilin oktyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə muxtar respublikada iki dəfə hakaton təşkil olunub. Hakatonların yekununda seçilən qalib komandalar üçün investisiya imkanları yaradılıb, eyni zamanda, onların “Grand final” mərhələsinə hazırlıqları məqsədilə 3 aylıq təlim proqramları keçirilib. Təlimlərdə öz sahəsində peşəkar və tanınmış mentorlar iştirak edərək, komandaların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə veriblər. Avqustun 20-də isə Bakı şəhərində keçirilən “İnnostart”ın “Grand final” tədbirində Naxçıvan Dövlət Universitetinin tələbələrindən ibarət dörd komanda ölkənin müxtəlif ali təhsil müəssisələrinin komandaları ilə birlikdə final mərhələsində mübarizə aparıb.

Finala yüksələn 17 startap arasından “Backlify“, “SaleX“, “Specdeaf“, “İmYen“ startapları ümumi dəyəri 50 min manat olan mükafat fonduna layiq görülüblər. Belə ki, final mərhələsində NDU-nun startapçıları “İnnostart” finalda böyük uğura imza atıblar. Ümumilikdə 4 komanda qalib gəlib ki, onlardan ikisi NDU-nu təmsil edən komandalar olub. IMYEN və “Specdeaf” komandalarının hər biri 12500 manat investisiya dəyərində mükafat qazanıblar. Qalib komandalar Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak etmək hüququ əldə ediblər.

Bu uğur Naxçıvan Dövlət Universitetində innovativ təşəbbüslərinin dəstəklənməsi və ölkənin rəqəmsal inkişafına töhfə verilməsi istiqamətində mühüm addımlar atdığını bir daha təsdiqləyir. Eyni zamanda, Türkiyənin Bilişim Vadisində keçiriləcək təcrübə proqramına yollanacaq 10 komanda arasında 3 komandanın da Naxçıvan Dövlət Universitetini təmsil etməsi ali təhsil ocağının bu sahədə qazandığı uğurlu təcrübənin bariz nümunəsidir.

Seçilən
33
3
azertag.az

4Mənbələr