Mərhəməti ilə məşhurlaşan amerikalı hakim Frenk Kaprio 88 yaşında vəfat edib.
OLAY yazır ki, o, uzun müddətdir mədəaltı vəzi xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, mərhəməti, təvazökarlığı və insanların yaxşılığına olan sarsılmaz inancı ilə sevilən Hakim Kaprio yalnız məhkəmə zalında deyil, onun hüdudlarından kənarda da milyonlarla insanın həyatına toxunub. Onun səmimiyyəti, yumoru və mehribanlığı hakimi tanıyan hər kəsin yaddaşında silinməz iz qoyub.
“O, yalnız hörmətli bir hakim kimi deyil, həm də sadiq bir həyat yoldaşı, ata, baba, ulu baba və dost kimi xatırlanacaq. Onun irsi, ilham verdiyi saysız-hesabsız yaxşılıq işlərində yaşamını davam etdirəcək”, - deyə, hakimin rəsmi səhifəsində yazılıb.
Qeyd edək ki, Kaprio insanlara qarşı xeyirxahlığı və anlayışı ilə məşhurlaşdığı üçün ona “dünyanın ən ədalətli hakimi” kimi xitab edilirdi.
O, hətta maddi cəhətdən çətinlik çəkən insanlar üçün ödəniş planları hazırlayıb.
Əlavə edək ki, hakimin adı xeyirxah əməllərinə görə Providens məhkəmə binasına verilib. FOX TV-də yayımlanan “Caught in Providence” proqramı populyarlığının zirvəsi olub.









