"Şimali Koreya özünün Çinlə sərhədi yaxınlığında ən yeni uzaqmənzilli ballistik raketlərini yerləşdirdiyi gizli hərbi baza tikib".
Bu barədə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında qeyd olunub.
Bildirilir ki, "Sinpun-don" adlı qeyri-rəsmi raket əməliyyat bazası ölkənin Şimali Pyonqan vilayətində, Çinlə sərhəddən təqribən 27 kilometr məsafədə yerləşir.
"Ehtimal ki, burada 6, yaxud 9 ədəd nüvə qabiliyyətinə malik qitələrarası ballistik raketlər, habelə onların buraxılış qurğuları var", – hesabatda vurğulanır.
Mərkəzin iddiasına görə, mümkün surətdə saxlanılan bu silahlar həm Şərqi Asiya, həm də ABŞ üçün potensial nüvə təhlükəsi yaradır.
Azvision.az xatırladır ki, Şimali Koreya 2019-cu ildə ABŞ ilə uğursuz sammitin ardınca nüvə silahı proqramını daha da gücləndirib. Lider Kim Çen İn bu yaxınlarda da ölkənin nüvə potensialının "sürətlə genişləndirilməsi" məqsədilə öz alimlərinə tapşırıq verib.