AZ

Gəncədə bazalt məhsulları zavodunda ildə 360 min ton orqanik gübrə istehsal ediləcək

Gəncə şəhərində ötən gün təməli qoyulan “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsində ildə 360 min ton orqanik gübrə istehsal ediləcək.

“Report”un Qərb bürosu xəbər verir ki, bu barədə Prezidentin izi ilə həmin müəssisəyə təşkil olunan mediaturda bildirilib.

Bildirilib ki, “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsində bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Layihə iki mərhələdə icra ediləcək və birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrə istehsal ediləcək.

İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksək keyfiyyətli bazaltdan istifadə olunacaq. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Layihənin ikinci mərhələsində bazalt əsasında yüksək texnoloji innovativ məhsulların - bazalt lifi, filamen (3D printer üçün xammal) və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu, layihəyə əlavə strateji dəyər qatmaqla yanaşı, ölkədə müdafiə, tikinti və yüksək texnologiyalar sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Zavodda istehsal olunan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara ixrac olunacaq. Xüsusilə yüksək texnoloji bazalt məhsullarına beynəlxalq bazarlarda böyük tələbat mövcuddur.

Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir, strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya, səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir. Bu xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji sahələrdə geniş istifadə olunur.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Seçilən
57
6
report.az

10Mənbələr