AZ

Müasir standartlar əsasında inşa olunan Gəncə stadionundan yeni görüntülər VİDEO

ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Gəncə şəhər stadionu müasir standartlar əsasında yenidən inşa edilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Gəncə şəhər stadionuna təşkil olunan mediaturda bildirilib.

Qeyd edilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyü və texniki cəhətdən istismarı mümkün olmadığı üçün bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.

Ötən il aprelin 9-da dövlət başçısı stadionun təməlini qoyub.

Bildirilib ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək. Bu idman tədbirinin açılış və bağlanış mərasimləri, eləcə də əsas oyunlar Gəncədə keçiriləcək. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası üçün bina tikilib. Yeni layihəyə görə, stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.

UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur.

Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. Stadionun ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

“Report”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
21
tribunainfo.az

10Mənbələr