AZ

Magistraturaya maraq azalır -Ekspert səbəblərdən danışdı

Əmək bazarı gəncləri birbaşa işə yönəldir, magistr dərəcəsi ikinci plana keçib
 
 
 Son illər ölkəmizdə ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür. Təəssüf ki, bu fakt artıq yalnız müşahidə yox, həm də rəsmi rəqəmlərdə özünü göstərir. 2025-ci il boş qalan 3700 yerin (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 nəfər seçim edib. Magistraturaya qəbul imtahanlarının nəticələri bunun bariz sübutudur: Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı dolub.
Bu nə deməkdir? Yüzlərlə dövlət sifarişli yer – yəni tamamilə pulsuz təhsil imkanı – boş qalıb! Ümumilikdə isə 3000-dən çox magistratura yeri doldurulmayıb.
Bu rəqəmlər bir sıra narahatedici nəticələri ortaya qoyur. Magistratura təhsilinə maraq azalıb. Bu, gənclərimizin artıq əlavə akademik pilləni karyera üçün vacib saymadığını göstərir.

Bu barədə Sherg.az-a danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, əgər gənclər dövlət sifarişi ilə verilən imkandan imtina edirlərsə, bu, sistemin cəlbediciliyi ilə bağlı ciddi suallar doğurur:

 “Magistr diplomunun əmək bazarında əvvəlki illərdəki kimi üstünlük yaratmaması və işə qəbul prosesində real təsirinin zəifləməsi, marağın azalmasının əsas səbəblərindən biridir. Dövlət resurslarının ayrılıb istifadəsiz qalması, həm də ölkənin insan kapitalı potensialının zəifləməsinə gətirib çıxarır. Bu gün biz bir reallıqla üz-üzəyik: Ali təhsilin magistratura pilləsi ölkədə əvvəlki nüfuzunu və çəkisini itirməkdədir.
Bəs nə etməliyik?
Təhsil proqramları müasir əmək bazarının tələblərinə uyğun yenilənməlidir.
Magistr təhsili işəgötürənlər üçün real üstünlük yaratmalıdır.
Dövlət sifarişi ilə ayrılan yerlərin boş qalmasının qarşısını almaq üçün məcburi deyil, cazibədar sistem qurulmalıdır.
Təhsil müəssisələri elmi-tədqiqat imkanlarını gücləndirməli, magistratura təhsili sadəcə formal davam pilləsi yox, praktik və elmi dəyəri olan bir mərhələ kimi formalaşmalıdır. Bu rəqəmlər bizə xəbərdarlıq edir: əgər bu tendensiya davam etsə, yaxın illərdə ölkəmizin ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək.
Sonda qeyd etmək lazımdır ki, təhsil siyasətində çevik və əsaslı islahatlar olmadan bu böhran daha da dərinləşəcək. Azərbaycanın gələcəyi gənclərimizin savadlılığı, hazırlığı və keyfiyyətli təhsilindən keçir. Boş qalan dövlət sifarişli yerlər isə bizim üçün sadəcə rəqəm deyil – gələcək üçün itirilmiş şanslardır”.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli də Sherg.az-a açıqlamasında deyib ki, magistraturaya marağın azalması bir neçə amillə izah oluna bilər və bu, təkcə imtahanın çətinliyi ilə bağlı deyil. Əslində, məsələyə daha geniş sosial, iqtisadi və akademik kontekstdə baxmaq lazımdır: 

“Birinci, əmək bazarının tələbləri mühüm rol oynayır. Bu gün bir çox sahələrdə işəgötürənlər üçün bakalavr təhsili kifayət qədər əsaslı baza hesab olunur. Əlavə olaraq magistr təhsili tələb edən sahələr çox məhduddur. Xüsusilə biznes, texnologiya və təhsil sahəsində magistr dərəcəsi üstünlük sayılsa da, digər sahələrdə praktiki bacarıq və təcrübə daha çox qiymətləndirilir. Bu səbəbdən gənclər birbaşa əmək bazarına çıxmağı daha real seçim hesab edirlər.
İkinci, magistr təhsilinin kontentinə olan inam məsələsidir. Təəssüf ki, bəzi hallarda magistr proqramlarının bakalavrda öyrənilənlərin davamı və ya təkrarı olduğu düşünülür. Bu isə gənclərdə “magistratura oxumağın əlavə dəyəri varmı?” sualını yaradır. Əgər tələbə həmin proqramın ona yeni bilik, beynəlxalq əməkdaşlıq imkanı və ya daha yaxşı karyera perspektivi qazandırmayacağını görürsə, o halda maraq azalır.
Şübhəsiz ki, burada iqtisadi faktorlar da mühüm rol oynayır. Magistr təhsili ödənişli olduqda xeyli gənc üçün bu, əlavə maliyyə yükü deməkdir. Dövlət sifarişli yerlərin məhdud olması isə həmin yükü daha da artırır. Xüsusilə ailə üzvlərinə dəstək vermək məcburiyyətində olan və ya iş həyatına tez atılmaq istəyən gənclər üçün magistratura seçim kimi arxa plana keçir”.

Ekspertin sözlərinə görə, müasir gənclərin prioritetləri dəyişib. Bir çox tələbə beynəlxalq təcrübə qazanmaq, xarici qrant proqramlarına müraciət etmək və ya peşəkar sertifikatlaşdırma yollarına üstünlük verir:
 “Onlar hesab edirlər ki, magistr dərəcəsi yerli bazarda müəyyən üstünlük versə də, qlobal miqyasda sertifikatlar, əlavə təlimlər və onlayn kurslar daha praktikdir. Nəhayət, imtahanların çətinliyi də müəyyən rol oynayır. Lakin bunu əsas səbəb kimi göstərmək düzgün olmaz. Əgər tələbə gələcəkdə magistr dərəcəsinin ona açacağı imkanları görsə, daha çox səy göstərib çətin imtahanlardan keçməyə hazır olur. Problem ondadır ki, bir çox gənc bu imkanları görmür. Beləliklə, magistraturaya marağın azalması həm əmək bazarının reallıqları, həm də təhsil sisteminin kontent və təşkili ilə bağlıdır. Çıxış yolu kimi, magistr proqramlarının praktik yönümlü olması, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması və dövlət sifarişli yerlərin daha düzgün bölgüsü vacibdir. Əks halda, tələbələrin “magistratura oxumaq mənasızdırmı?” sualına verdikləri cavab yenə də mənfi olacaq”.
Seçilən
18
8
sherg.az

10Mənbələr