AZ

Allah bizim iradəmizi şərə meyilli yaradıbsa... Bəlkə yalnız sənə aid olan dünyanın düzəlməsini istəyirsən?

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kulis.az Salam Sarvanın "Park" nəşriyyatında işıq üzü görən "Fikir oyunları" adlı yeni kitabından bəzi hissələri təqdim edir.

Allahsızlıq mümkündürmü? Dostumun Tanrısı

Mənim bir dostumun «özünəməxsus dini» var: bu «dinin» tanrısı yoxdur, bu «din» Tanrının arzulanması üzərində qurulub. Mən onun dilindən tez-tez «Ya Allah» nidasını eşidirəm: lakin bu xitab ənənəvi dinlərdə mövcud olan Allaha ünvanlanmayıb, çünki dostum Allahın varlığına inanmır.Həmin dostum Allahı köməyə çağırarkən bunu nəzərdə tutur: ilahi, kaş olaydın və bu məqamda dada çataydın. Elmə ciddi önəm verən bu adam Allaha ehtiyacını belə izah eləyir: həyatda elə ədalətsizliklərlə qarşılışıram ki, onların çözümü elmin predmeti deyil, əxlaq normaları isə min illərdir belə vəziyyətləri yoluna qoya bilmir.Yox, Tanrı ideyasına bu münasibət Volterin məşhur mövqeyi ilə qətiyyən uyğun gəlmir. Çünki Volterin «Allah olmasaydı, onu uydurmaq lazım gələrdi» fikrində Allah artıq mövcuddur. Dostumun münasibətində isə Tanrı nə fakt kimi mövcuddur, nə də uydurma kimi: sadəcə, Allahın var olması arzulanır.

Allahsızlıq mümkündürmü? Gümüş şarlar

Bir dəfə yaxın adamlarla söhbətdə zarafatla dedim: biz «bütün arzularına çatasan» deyəndə ilk baxışdan belə çıxır ki, kiminsə adam öldürmək arzusuna da xeyir-dua vermiş oluruq. Amma bu diləyin içində mexaniki bir inam var: həmin adamın belə bir arzusunun ola biləcəyi ağlımıza da gəlmir. Deməli, şüuraltı olaraq başqalarına inanırıq.Zarafat bir yana, biz bir-birimizə inanmasaydıq bir-birimizi bu qədər aldada bilərdikmi?!Təbiətimiz şübhələnməyə yox, inanmağa meyillidir. Hökmü-zərdir: dünyada açılmamış sirlər qaldıqca insan hansısa fövqəltəbii qüvvəyə pənah aparacaq. Elm isə bütün mübhəmləri açacağına zəmanət vermir. Adətən, alimlər belə deyir: əgər min il qabaq sirr olanları elm bu gün açıbsa, bugünkü mübhəmləri də nə vaxtsa açacaq. Fikir verin, onların bu hökmünün özü də inama əsaslanır.

Filosof Devid Yum bu tipli inancları «təbii din» adlandırırdı. «Təbii din» nə deməkdir? Biz ətrafımızda hadisələrin stabil ardıcıllığını görürük: məsələn, elə hey gündüz gecəylə, payız qışla əvəzlənir. İstər-istəməz, təzahürlərin bu cürə nizamına vərdişimiz yaranır, vərdişdən isə bu nizama inam əmələ gəlir: biz inanırıq ki, gündüzün gecəylə əvəzlənməsi dünən baş veribsə, həmin proses bu gün də təkrarlanacaq. Yəni alimlərin yuxarıda bəhs elədiyimiz qənaəti də bu «təbii din»in məntiqindən irəli gələn inamdan başqa bir şey deyil. İnsan təbiətən möcüzə həvəskarıdır, elmin bütün sirləri açmasını heç istəməzdi də: çünki dünya bizə bir mübhəm kimi daha maraqlıdır. Havada yeridiyini zənn etdiyimiz fokusçuya yaxınlaşanda əslində onun kəndir üstündə addımladığını görərək hansı hissləri keçiririk? Dərin bir məyusluğa qapılırıq: həmin sirrin açılması maraq dünyamızı darmadağın edir. Hökmü-zərdir: insanın daxili aləmində heyrətlənmək imkanı varsa, bu duyğunu yaşamaq üçün daim möcüzə axtaracaq. Diqqət eləyək: detektiv janrda çəkilmiş film boyu bizi həyəcanda saxlayan sirr açılan kimi film də başa çatır. Şüuraltı olaraq bizə elə gəlir ki, ömür də belədir – hər şey aydın olandan sonra həyatın da bitəcəyindən qorxuruq. Məsələn, məşhur bir müğənni nəyə görə özünü əlçatmazlıqda saxlayır? Çünki dinləyici kütləsinin özü belə istəyir: ona belə xoşdur. Simpatiya bəslədiyimiz məşhur barədə bizim özümüzün yaratdığımız bir obraz var və həmin obrazın darmadağın olması ürəyimizcə deyil.Bizim fantaziya gücünə qurduğumuz evciyi dağıdanlar dərhal gözümüzdən düşür: çünki onlar bizə pislik eləmiş olurlar, «yaradıcılığımızın» üstündən xətt çəkmiş olurlar. Tanrı ideyasını ayaqda saxlayan həm də insanların əbədiyyət eşqidir: hər kəs o dünyasının olduğuna və ya öləndən sonra yenidən doğulacağına inanır. Bu inamı onun əlindən heç bir elmi sübut ala bilməz: çünki inandığımız mətləblərin əleyhinə gətirilən sübuta inanmamaq inadımız da var. Bir az əvvəldə apardığımız analogiyanı bir də təkrarlayaq...Torbada on dənə qızıl, beş dənə gümüş şar var. Əlini salıb üç şar çıxarırsan. Ehtimal nəzəriyyəsi adlı elm qızıl şarların çıxması ehtimalını daha böyük sayır, ancaq şarların üçünün də gümüş olacağını da istisna eləmir. Yəni elm bu halda öz mövqeyini dəqiq müəyyənlişdirə bilmir: bilmir, təsadüfün tərəfindədir, yoxsa zərurətin.Yəni torbadan çıxardığım şarların üçünün də gümüş olacağı faktı bu halı taleyimin pis olması ilə bağlamağıma əlyeri qoyur. Beləliklə, tale faktoruna, buradan da Tanrı ideyasına yol saxlamış olur.Batinimiz belə qurulub: Allaha gerçək kimi inanmayanlar da şirin bir yalan kimi inanmağa meyillidirlər. Çünki özünü aldatmaq istəyi hətta ateistlərdə də var: axı bizi çox vaxt soyuq şüurumuz yox, qaynar emosiyalarımız idarə eləyir.Arzularımız sonsuz, fantaziyalarımız sərhədsizdir və ümidlərimizdə bir möcüzə gözləntisi var: bəzən beynimizdən elə xəyallar keçir ki, onların gerçəkləşməsi yalnız möcüzə hesabına mümkündür. Söhbət möcüzə gözləntisindən gedirsə, istər-istəməz fövqəltəbii bir mənaya dirənmirsənmi?

Bu suala dərin və dəqiq cavab tapa bilməsək, avtomatik olaraq ritorik suala çevriləcək.

Allahsızlıq mümkündürmü? Xurafatın müasirliyi

İnsan xurafatsız yaşaya bilmir. Yaşaya bilməz. Ona görə də mifoloji təfəkkür dövründən indiyəcən bu sahədə köklü tərəqqi yoxdur. Sadəcə, miflərə inamın ifadə vasitələri dəyişib. Niyə? Çünki insan həyatda rifah yox, maraq axtarır: tapmaca isə cavabsız halında daha cazibədardır. Fikir verin: «o yanı qaya, bu yanı qaya, içində sarı maya» tapmacasındakı cazibəni «yumurta» cavabı necə də bəsitləşdirir.Xurafatı savadsızlığın fəsadı saymağa da əsasımız yoxdur: qədimlərdə hansısa Tanrının yağış yağdırması üçün qurban kəsənlər yağıntının elmi izahını biləndən sonra da həmin niyyətlə nəzir deyirlər. Müasir dövrdə kiminsə sabaha yağış diləməsi təxminən belə bir arzunun ifadəsidir: kaş sabah bir yağış yağa. Belə bir istəyin savadsızlıqla nə əlaqəsi var?!Xurafat dünyanın hər yerində yaşamaqdadır. Qara pişiyin qarşıya çıxması Almaniyada da pis əlamət sayılır. On üç rəqəmini elm və texnologiyanın tərəqqi elədiyi Amerikada da nəhs sayırlar. Qədim Skandinaviya mifologiyasındakı bir əfsanədən üzə çıxan bu inancı bilginin heç bir səviyyəsi həyatımızdan çıxara bilməyib, bilmir. Müasir dövrün xurafatı heç də elmi inkar eləmir: adam öz xəstəsini məhz həkimə aparır, amma eyni zamanda onun sağalması üçün qurban da boyun olur. Müasir dövrün xurafatı müəyyən dərəcədə mədəniyyət alətidir. Biz cizgi filmlərində heyvanları danışdırır, devlərlə cırtdanları eyni ünsiyyət modelində bir araya gətiririk. Uşaqların dünyanı dərk eləməsi üçün əfsanələrdən və təmsillərdən hələ də vasitə kimi yararlanırıq.

Şər varmı? Allahın müdafiəsi

Lap qabaqlar bəzi filosoflar deyirdilər: şəri Allah yaratmayıb, sadəcə, Yaradanın verdiyi iradə azadlığı sayəsində onu biz özümüz seçirik. Amma onların dalana dirəndiyi bir məqam vardı: Allah bizim iradəmizi şərə meyilli yaradıbsa, yenə də məsuliyyəti o daşıyır axı. Buna görə də adı Platonla həmqafiyə olan Plotin və Müqəddəs Avqustin meydana atılıb dedilər: Allah Şər yaratmayıb, Şər dediyimiz nəsnə Xeyirin azalmış, öləzimiş vəziyyətidir. Yəni, yalnız işıq var, qaranlıq isə bu işığın öləzidiyi vəziyyətidir.Təbii, bu izahların heç biri kəsərli deyil. Çünki həmin filosofların məqsədi həqiqəti üzə çıxarmaq olmayıb, sadəcə, Allahı məsuliyyətdən yayındırmaq istəyiblər. Fəlsəfə tarixində belə hallar çox olub: filosoflar özlərinin fəlsəfi sistemlərini qurur və dünyadakı bütün təzahürləri o sistemin içində əsaslandırmağa çalışırlar.Yəni ədədləri dünyanın substansiyası sayan Pifaqor hətta dırnaqlarımızın da rəqəmlərdən yarandığını iddia eləməyə məcburdur. Bayaq adlarını çəkdiyim filosoflar da Allahı qüsursuz substansiya saydıqlarından dünyadakı şərin mövcudluğunda onun əlinin olmadığını sübut eləməyə çalışmalıydılar: boyunlarına düşmüşdü.Bəs Şərin varlığı ilə bağlı bu mübahisələrdə dirəndiyimiz bu dalandan çıxmaq mümkündürmü? Yox. Amma bu dalana girməmək mümkündür: çünki dünyanın yaradılışını Allahla deyil, başqa nəzəriyyələrlə bağlayanda şərin olmadığını iddia eləməyə ehtiyac qalmır.

Şər varmı? Yalnız sənə aid olan dünya

Cavan vaxtlarımda yazdığım şeirdə belə misralar vardı: gəl sənə təsəlli verim – darıxma, düzəlməyəcək... Bu misralar indi çoxlarının dilinə düşüb. Niyə? Çünki nikbinlik aşılayır, adamı toxtadır. Amma kimsə soruşa da bilər: nəyinsə düzəlməyəcəyi hökmü adamda necə nikbinlik yarada bilər?Məsələ belədir: heç kim dünyadakı pisliyin varlığıyla barışmaq istəmir. Hər kəs xəyalında təmiz dünya modeli qurub və gerçək həyatda baş verənləri həmin modellə müqayisə eləyib daim məyus olur. Bu şeirdə isə deyilir: şər dünya bədəninin bir əzasıdır və onun kəsilməsi dünyanın şikəst olması deməkdir.Əyrilik ağac budağının təbiətindədir: sən onu gərib düzəltmək istəyəndə sındırmış, məhv eləmiş olacaqsan. Yəni dünyanın düzəlməsi onun məhvi demək olardı, əslində. Ona görə də hər şeyin düzəlməsini uma-uma sıxıntı keçirməyə nə hacət?! Bu ümidləri bəri başdan öldürüb yüngülləşmək daha sərfəli deyilmi?İnsan dünyanı məhz düzəltmək istəyəndə korlayır. Düşünən beyin kainatın əleyhinədir, dünyanın təbii yaşamına ziddir: çünki elə hey ondakı əzəli nizamı, spontanlığı pozmağa meyillidir. Bu konteksti filosoflardan biri daha dəqiq ifadə eləyib: insanlar dünyada cənnət yaratmaq istəyərkən onu cəhənnəmə çevirirlər.Amma sən doğrudanmı dünyanın düzəlməsini istəyirsən? Məsələn, heç vaxt maşınla getməyəcəyin bir şəhərin yollarında tıxacların aradan qaldırılmasını arzulamısanmı? Heç vaxt işinin düşməyəcəyi Afrika məhkəmələrində ədalətin bərqərar olunmasını diləmisənmi? Dünyanın düzəlməsini istəyirsənsə, onda niyə milli futbol komandamızın daha bacarıqlı Almaniya komandasını udmasını arzulayırsan – yəni niyə ədalətin zəfər çalmasını istəmirsən?Bəlkə sən dünyanın düzəlməsini yox, yalnız sənə aid olan dünyanın düzəlməsini istəyirsən?Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Xeyirlə Şərin qarşıdurması varmı?

Xeyir və Şər qütbləşməsi yaxşı adamlarla pis adamların qarşıdurması şəklində deyil, yaxşı əməllərlə pis əməllərin paralel xətlər boyu düzülüşü şəklindədir. Yəni sənin də, mənim də həyatımız boyu həm pis hərəkətlərimiz olur, həm də yaxşı hərəkətlərimiz. Və səninlə mənim yaxşı əməllərimiz Xeyir xəttini əmələ gətirir, pis əməllərimiz isə Şər xəttini. Ona görə də həyatda Xeyirlə Şərin mübarizədə olduğunu düşünmək absurddur. Belə bir mübarizə yoxdur: çünki həyatda Şərlə Xeyirin mənbəyi eyni adamdır. Hə, biz konkret sahədə, məsələn, iş yerində rüşvətin əleyhinə olan və bu kontekstdə daim haqsızlıqlarla savaşan bir adam görə bilərik. Amma onun evdə yaxşı ata da olduğunu iddia edə bilərikmi? Xeyirlə Şər arasındakı seçimdə bütün məsuliyyəti iradə azadlığının üstünə atanda məsələ bir az da qəlizləşir. Məlum olur ki, iradə qətiyyən Xeyirə meyilli deyil. Axı iradə xeyirə meyilli olsaydı, onun seçimi bütün situasiyalarda avtomatik olmalı idi və insanın həyatda bircə dənə də səhvi olmamalıydı. Yox?Bu suala dərin və dəqiq cavab tapa bilməsək, avtomatik olaraq ritorik suala çevriləcək.

Yardımlıda qədim dövrə aid evlər aşkar edildi

Londonda hip hop sərgisi: Eminemin döymələrindən Taysonun xatirələrinə...

“İlahi komediya” filminin hüquqları satıldı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
kulis.az

1Mənbələr