ABŞ İranla nüvə danışıqlarına başlamağa hazır olduğunu bəyan edib.
Paralel.az “Əl Mayadeen”ə istinadən xəbər verir ki, Vaşinqton bu mesajı Tehrana İsveçrə vasitəçiliyi ilə çatdırıb. Nəşrin yazdığına görə, Tehrana səfər edən İsveçrə xarici işlər nazirinin müavini Qabriel Lüçinger ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun mesajını İran tərəfinə təqdim edib.
Məlumata görə, ABŞ-ın İsveçrə vasitəsilə göndərdiyi məktubda nüvə danışıqlarına hazır olduğu və dialoq müddətində heç bir hücum olmayacağına zəmanət verdiyi qeyd olunub.
Tehran isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Vaşinqtonla Tehran arasında nüvə danışıqları İsrailin 13 iyunda İrana hücumundan və 22 iyunda ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından sonra dayandırılmışdı. 24 iyunda qarşılıqlı hücumlar başa çatdıqdan sonra ABŞ danışıqları bərpa etmək niyyətində olduğunu açıqlayıb. İran hökuməti isə yalnız hücumların olmayacağına dair təminat verildiyi halda danışıqlara qayıdacağını bildirib.
Mürtəza