AZ

Zəngəzur dəhlizi “Tramp yolu” kimi: Yeni geosiyasi reallıqlar yaxınlaşır

Azərbaycanın regional nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi ətrafında mühüm proseslər cərəyan edir. ABŞ prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə dəhlizin ayrıca vurğulanması, regionun gələcək geosiyasi və iqtisadi mənzərəsini dəyişəcək hadisə kimi qiymətləndirilir. Artıq dəhliz “Tramp yolu” adı ilə beynəlxalq sənədlərdə öz əksini tapıb və qısa müddətdə reallaşacağı gözlənilir.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, bu layihənin həyata keçməsi yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Avrasiya məkanında yeni iqtisadi və siyasi düzən yaradacaq:

“Artıq Zəngəzur dəhlizi Tramp yolu kimi qeydə alınıb və açılması reallığa çevrilmək üzrədir. Türkiyədə Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi də dəhlizin beynəlxalq əhəmiyyətini artıracaqdır. Çindən Avropaya qədər yeni daşımalar marşrutu formalaşacaq və ilk mərhələdə 5 milyon sərnişin, 15 milyon tondan çox yük daşınması planlaşdırılır. Bu isə yeni geosiyasi reallıqların yaranması deməkdir”.

Deputat əlavə edib ki, Vaşinqton Bəyannaməsinə əsasən Zəngəzur dəhlizinə ABŞ şirkətlərinin nəzarət etməsi nəzərdə tutulur və bu da layihənin daha sürətli reallaşmasına zəmin yaradır:

“ABŞ bu dəhlizin qurulmasına investisiya yatıracaq və qısa müddətdə istifadəyə verilməsinə çalışacaqdır. Çünki dəhliz Donald Trampın adını daşıyır. Azərbaycan dəmir yolunun Zəngəzura qədər olan hissəsinin gələn ilin yazına qədər tamamlanacağını gözləyirəm. Zəngəzurdan keçən hissə isə cəmi 43 km-dir və bu məsafəni ABŞ-ın tez bir zamanda tikməsi çətin olmayacaq”.

Beləliklə, Zəngəzur dəhlizi artıq yalnız regional layihə deyil, qlobal oyunçuların maraqlarını kəsişdirən strateji yol kimi formalaşır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr