Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Mücahid ABŞ, Rusiya və Çinə müraciət edərək ölkəsinə qarşı “pis niyyətlərindən” əl çəkməyə çağırıb. Bu barədə “Amu.tv” məlumat yayıb.
Əfqanıstanın Müstəqillik Gününə həsr olunmuş nitqində o, hakimiyyətin bütün dövlətlərlə müsbət qarşılıqlı fəaliyyətə can atdığını vurğulayıb. Onun sözlərinə görə, “əmirlik nə dünya gücləri, nə də qonşu dövlətlər arasında qarşıdurma meydanına çevrilmək istəmir”.
"Qonşu ölkələrə, regional güclərə və dünyaya mesajımız budur: kimin Əfqanıstana qarşı pis niyyəti varsa, onu tərk edin. Əfqanıstanın sizə qarşı heç bir pis niyyəti yoxdur. Biz hamı ilə İslam şəriətinə əsaslanan yaxşı münasibətlər istəyirik", - Yaqub Mücahid deyib.
Nazir qeyd edib ki, nə Rusiya, nə də Çin Əfqanıstanın ABŞ-ın göstərişi ilə onlara qarşı istifadə oluna biləcəyinə inanmır. Onun sözlərinə görə, Vaşinqton həm də digər güclərin ölkə ərazisindən Amerika maraqlarına qarşı istifadə edə biləcəyinə inanmır.
"Gəlin ticarət edək. Qarşıdurmaya girməklə deyil, bəndlər, yollar, zavodlar tikməklə, elektrik enerjisi layihələrini sərmayə qoyub həyata keçirməklə bir-birimizlə rəqabət aparaq", - o əlavə edib.
“Amu.tv”-nin yazdığı kimi, müdafiə nazirinin çıxışı Kabilin İŞİD və digər ekstremist hərəkatlarla mübarizədə qətiyyətsizliyinə görə tənqidlərə cavab olub. Rusiya və Pakistan bundan əvvəl Əfqanıstan hakimiyyətini bu qruplaşmalara qarşı daha sərt tədbirlər görməyə çağırıb.
Almaz Həsənli