AZ

Dönər hansı halda təhlükəli ola bilər?  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha ictimai iaşə sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk növbədə dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir.

Qeyd edilir ki, dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyə başlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması və daşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməli və həmin müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır. Qida məhsullarının hazırlanması, saxlanılması və təqdimatı zamanı sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur rejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanılmalı, avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmiş məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbi müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi təmin olunmalıdır. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim edilən sousların, mayonezin və tərəvəzlərin saxlanılma rejiminə ciddi nəzarət olunmalıdır. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə edilməlidir.

AQTA, həmçinin istehlakçılara da müraciət edərək dönər alarkən satış şəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətə diqqət etməyi tövsiyə edir. Dönər hazırlayan şəxslər mütləq şəkildə birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəklə pul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimi əşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığı andan etibarən 1 saat ərzində istehlak olunmalıdır.

İstehlakçılar ictimai iaşə obyektlərində həmin məqamlara xüsusi diqqət yetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusu aşkar etdikdə, bu barədə agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verməlidirlər. Eyni zamanda, agentlik tərəfindən hazırlanmış məlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asan görəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmaması istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər.

Seçilən
35
9
azerbaijan-news.az

10Mənbələr