BAKI, 21 avqust. TELEQRAF
Yay aylarında qida zəhərlənmələrinə əsasən dönər, kabab, salat kimi tez xarab olan qidalar səbəb olur.
Bu barədə Teleqraf-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.
Onun sözlərinə görə, 30 dərəcədən yuxarı isti hava bakteriyaların, xüsusilə Salmonella, E.colinin sürətlə çoxalmasına səbəb olur: "Ət, sous və tərəvəzlərin otaq temperaturunda qalması zəhərlənmə riskini qat-qat artırır. Budan əlavə, dönərdə istifadə olunan ətin mənşəyi və necə saxlanılması da çox vacibdir. Donmuş ət bir neçə dəfə əridilib-dondurularsa, mikroblar artır. Mayonez, qatıq, sarımsaq sousları da isti havada günlərlə eyni qabda saxlanılır. Buna görə də, çox tez xarab olur. Bu da zəhərlənmələrin başlıca səbəblərindəndir".
F. Səfərov məkan seçiminin də önəmini vurğulayıb: "Küçə dönərxanalarının bir çoxunda soyuducu və gigiyena qaydalarının normal səviyyədə olmaması belə hadisələrin artmasına gətirib çıxarır".
Ekspert bu cür situasiyalarla üzləşməmək üçün nələrə diqqət yetirilməli olduğunu qeyd edib:
- Tanınmış, müştərisi çox olan və təmiz görünən yerləri seçin. Küçənin kənarında toz-torpaq içində satılan yeməklərdən uzaq durun.
- Ətin bişmə səviyyəsi çox vacibdir. Ət tam bişməlidir. Çiy və ya yarımçıq bişmiş ət qida zəhərlənməsinin əsas səbəbidir.
- Souslar, salatlar və içkilər soyuducuda saxlanılmalıdır. Açıq havada saatlarla qalmış məhsullar təhlükəlidir.
- Yayda mayonezli, qatıq əsaslı souslar tez xarab olur. Onları minimuma endirin və ya tamamilə imtina edin.
- Qoxu və dad yoxlaması edin. Ətdən fərqli iy gəlirsə, sous acıdırsa, tərəvəz solubsa, yeməyin.
- Satıcı gigiyenaya əməl etmirsə, oradan yemək olmaz.
- Günorta saatlarında təzə bişən yeməklərə üstünlük verin. Axşam qalan və ya ertəsi gün satılan yeməklər təhlükəlidir.
- Yeməyin gigiyenik kağız və ya təmiz qabda verilməsinə fikir verin. Çirkli səthlə təmas riski artırır.
- Yayda dönər, kabab, souslu yeməklər əvəzinə təzə bişmiş və evdə hazırlanmış yeməklərə üstünlük verin.
Fərid Səfərov sonda əlavə edib ki, yayda, xüsusilə iyul-avqust aylarında dönərdən, mayonezli və qatıq əsaslı souslardan uzaq durmaq, daha çox evdə hazırlanmış yeməklərə üstünlük vermək sağlamlıq üçün daha doğrudur.