AZ

Bakıda narkotiklə saxlanılan erməni məhkəmədə: "Azərbaycanlıyam və bununla da fəxr edirəm"

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Artur Avakyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, A.Avakyan Gəncə şəhərində anadan olsa da, Bakının Xəzər rayonu ərazisində yaşayıb.

Milliyyətcə erməni olan Artur Avakyan tərcüməçiyə ehtiyacı olmadığını deyib:

"Cənab hakim, mən Gəncədə böyümüşəm və Azərbaycan dilində rahat danışıram. Mən azərbaycanlıyam və bununla da fəxr edirəm. Məhkəmənin ədalətinə də güvənirəm. Buna görə də tərcüməçiyə ehtiyac duymuram".

Cinayət işi məhkəmə baxışına verilib.

Baxış iclası sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, Artur Avakyan paytaxt ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. A.Avakyan barəsində ilkin istintaq dövründə həbs qətimkan tədbiri seçilib.

Seçilən
3
7
avtosfer.az

10Mənbələr