"Şəhidlər xiyabanında çəkilişləri qadağan etmək düzgün deyil. Çünki elə insanlar var ki, rayondan bir dəfə Şəhidlər xiyabanına gəlir və istəyir ki, ordan xatirə şəkilləri, videoları olsun. Amma geyimə nəzarət olunmalıdır. Şortiklə Şəhidlər xiyabanına getmək olmaz da. Heç görmüsünüzmü qəbirstanlığa şortiklə, mayka ilə getsinlər?! Şəhidlər xiyabanı da bir qəbirstanlıqdır. Şəhidlərin qəbirstanlığıdır. Hörmət, ehtiram etmək lazımdır"
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O daha sonra şəhidlərin məzarlarını təhqir edən ərəb turistlərdən danışıb:
"Bu ərəblər çox böyük əclaflıq ediblər. Görünür qanunlarımızdan xəbərləri yox idi. Dövlətimiz də onları cəzalandırdı. Kimliyindən, milliyətindən, əqidəsindən asılı olmayaraq hər kəs şəhidlərə hörmət etməyə borcludur. Biz ömrümüzün axırına qədər onlara minnətdarıq" deyə Aqil Abbas bildirib.
Qeyd edək ki, deputat Səbinə Salmanova Report.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda Şəhidlər xiyabanında çəkilişlər və digər məsələlərlə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var.