AZ

Pakistanın baş naziri daşqınların fəlakətli nəticələrindən danışdı

Ajans.az The Dawn-a istinadən xəbər verir ki,baş nazir bu sözləri Xayber-Paxtunxva əyalətində daşqın və torpaq sürüşməsi qurbanları ilə görüşü zamanı deyib. “Yalnız Xayber-Paxtunxvada 350-dən çox bacı və qardaşımız həyatını itirib. Ümumilikdə isə ölənlərin sayı 700-ü keçib. Bu, sanki Qiyamət gününə bənzəyir”, – Şərif bildirib. O, 2022-ci ildə ölkəni bürümüş dağıdıcı daşqınları xatırladaraq, həmin faciədən dərs götürülmədiyini vurğulayıb. Həmin vaxt təbii fəlakət Pakistan ərazisinin üçdə birinə təsir etmiş, 2000-ə yaxın insan həlak olmuş, iqtisadi zərər isə 30 milyard dolları ötmüşdü. Baş nazir çay sahillərində və sel düzənliklərində evlərin tikintisini kəskin tənqid edib:
“Dünyanın heç bir ölkəsində belə təhlükəli ərazilərdə tikintiyə icazə verilmir. Bu, faciəni daha da ağırlaşdıran insan səhvidir”. Şahbaz Şərif risk zonalarında inşaat işlərinə qadağa qoymağa çağıraraq, fəlakətlərin qarşısının alınması və inkişafın düzgün tənzimlənməsi üçün bütün əyalət rəhbərlərinin fövqəladə toplantısını keçirəcəyini açıqlayıb. O, həmçinin meşələrin qırılmasının daşqınların ağır nəticələrinə təsir etdiyini vurğulayıb:
“Əgər ağaclar qorunsaydı, su və qaya kütlələrinin qarşısını ala bilərdilər. Ona görə də meşələrin mühafizəsi üçün ümummilli hərəkata başlamaq lazımdır”. Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyundan sentyabradək davam edir. Bu dövrdə kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən yağışlar eyni zamanda daşqın və digər təbii fəlakətlərə səbəb olur. Sinoptiklər güclü leysanların sentyabrın ortalarınadək davam edəcəyini proqnozlaşdırırlar.

 

Seçilən
15
Ajans.az

1Mənbələr