“Ukrayna Rusiya ordusunu Sumı vilayətindən sıxışdırıb çıxaracaq və Donbası təslim etməyəcək“.
AzPost bildirir ki, bu barədə prezident Vladimir Zelenski jurnalistlərlə görüşündə Kiyev üçün mümkün ərazi güzəştləri məsələsində “qırmızı xətlər”lə bağlı sualı cavablandırarkən deyib.
Görüş avqustun 20-də baş tutub.
“Bugünkü reallıqlarda bu, zaman məsələsidir. Bir neçə aydan sonra ruslar Sumı vilayətində olmayacaqlar. Mən hesab edirəm ki, perspektivdə onlar Xarkov vilayətini almayacaqlar”, – Zelenski bildirib.
O, Rusiya ordusunun ilin sonuna qədər bütün Donbası işğal edəcəyi ilə bağlı açıqlamalarını “boş söhbət” adlandırıb. “Onlara Donbasımızı işğal etmək üçün daha dörd il lazımdır. Bu, bizim torpaqlarımızdır”, – deyə Zelenski vurğulayıb.
O, Ukraynanın Rusiya işğalını hüquqi cəhətdən tanımadığını da bildirib.
Prezident həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri hələ də Rusiyanın Kursk vilayətində qalır. “Biz Kursk vilayətində mövcudluğumuzu qoruyuruq. Buna görə, Rusiyanın on minlərlə şəxsi heyəti oradadır və onlar Donetsk vilayətinə və digər ərazilərə köçürülə bilmir”, – o deyib.