Son vaxtlar Rusiyada azərbaycanlılara qarşı "xüsusi" münasibət hökm sürür. Azərbaycanlı müxtəlif iş adamları, eləcə də siravi insanlar bu münasibətdən əziyyət çəkir.
Bəs birdən birə bu yanaşmanın vüsət almasına səbəb nədir? Bu davam etsə, Azərbaycan-Rusiya münasibətləri necə olacaq?
Tanınmış jurnalist, hərbi ekspert Səxavət Məmməd Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Biz tarixə nəzər saldıqda görürük ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman enişli-yoxuşlu olub. Müəyyən dövrdə iki dövlət arasında münasibətlər həm üst səviyyədə olub, həm də tərəflərin bir-birini ittiham etdiyi mərhələdə olub. İndiki mərhələdə isə təbii ki, Rusiya-Azərbaycan münasibətləri açıq şəkildə çox pisləşib. Bu gərginlik daha da dərinləşməyə başlayıb. Təbii ki, Azərbaycanla Rusiyanı hərbi güc baxımında müqayisə etmək mümkün deyil. Amma Azərbaycan tərəfi də hər halda Rusiya qarşısında dirəniş göstərir. Məsələrə bir qədər fərqli istiqamətdə baxmalıyıq. Biz bu münasibətləri sadəcə müəyyən politoloqlar və media səviyyəsində görürük. Məsələn, Azərbaycanda bəziləri iddia edir ki, Azərbaycan embarqonu qaldırmalıdır, Ukraynaya silah satmalıdır. Amma ukraynalı politoloqlar özləri etiraf edirlər ki, Azərbaycan bunu etsə belə, Ukrayna üçün dəyişən heç nə olmayacaq. Çünki Ukraynaya daha çox patriotlar, orta mənzilli silahlar lazımdır. Digər tərəfdən ruslar bildirirlər ki, Xəzər dənizi üzərindən Azərbaycana hücum edilməlidir, Azərbaycanı işğal etmək lazımdır. Azərbaycandan olan bəzi politoloqlar deyirlər ki, biz Dərbəndi götürməliyik, bunun üçün fürsət yaranıb. Tərəflər arasında bu cür propaqanda ilə məşğul olanlar çoxdur”.
Səxavət Məmməd fikirlərinə bunları da əlavə edib:
“Rəsmi cəhətdən biz məsələyə nəzər salsaq, dövlətlərin bir-birlərinə qarşı ağır bəyanatı, təzyiqi hələ ki görmürük. Düşünürəm ki, bu münasibətlər sona qədər davam edə bilməz. Rusiya imperialist, işğala meyilli, daim münasibətləri yola qoymaqda güc faktorundan istifadə edən bir ölkədir. Azərbaycan və Rusiya arasında bir müddət də bu gərginlik davam edəcək və sonra yoluna qoyulacaq. Çünki bunun belə davam etməsi heç də yaxşı nəticə verməyə bilər. Hər iki dövlətin qarşılıqlı təzyiq faktlarını yaxşı şəkildə götür-qoy etmək lazımdır”.
Səxavət Məmməd düşünür ki, münasibətlərin hələ də düzəlmə ehtimalı var. Bütün “körpülər yandırılmayıb”. Yaxın müddətdə münasibətlərdə istiləşmə mərhələsini görəcəyik.
Fidan Vəlisoy