AZ

DİQQƏT! Bu şəxslər ali məktəblərə İMTAHANSIZ QƏBUL OLUNURLAR...

 Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il 884 nəfər ali təhsil müəssisələrinə imtahansız qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib. Bu göstərici son illər bu mexanizmdən yararlanan abituriyentlərin artdığını göstərir. Bəs kimlər bu hüquqa sahib olur və bu prosedurun təkmilləşdirilməsi hansı istiqamətdə aparıla bilər? İmtahansız qəbul hüququ kimlərə şamil olunur?



Mövzunu Referansa şərh edən təhsil eksperti İlqar Orucov bildirib ki, imtahansız qəbul hüququ qanunvericiliklə müəyyən edilmiş konkret kateqoriyalara şamil edilir. Bunlara beynəlxalq akkreditasiyalı təhsil alanlar, Respublika Fənn Olimpiadalarının qalibləri, beynəlxalq idman yarışlarında yüksək nəticə göstərmiş şəxslər və SAT imtahanından yüksək bal toplayan gənclər daxildir. Lakin SAT imtahanı ilə yalnız ADA Universitetinə qəbul mümkündür. Bu, müəyyən mənada seçim imkanlarını məhdudlaşdırır.




Ekspert qeyd edir ki, bu istisna hallarda tətbiq olunan imtahansız qəbul hüququ yalnız formal deyil, həm də keyfiyyət baxımından əsaslandırılmış meyarlar üzərində qurulub. Burada məqsəd istedadlı, beynəlxalq uğurları olan və ya xüsusi hazırlıq keçmiş şəxslərin potensialını tanımaq və onları əlavə imtahanlarla yormadan ali təhsilə cəlb etməkdir. Bu, dünyada qəbul olunmuş bir yanaşmadır və Azərbaycan da bu istiqamətdə düzgün addımlar atır. 


Təklif: SAT imtahanı ilə qəbul genişləndirilsin


İlqar Orucov bu prosedurun təkmilləşdirilməsi üçün bir sıra təkliflər də verib. Onun fikrincə, xüsusilə SAT imtahanı əsasında qəbul imkanları genişləndirilməlidir. SAT beynəlxalq imtahan standartıdır və hazırda minlərlə azərbaycanlı gənc bu imtahanı verərək xarici universitetlərə qəbul alır. Eyni zamanda bu nəticə ilə sadəcə ADA Universitetinə daxil olmaq mümkündür. Mən hesab edirəm ki, gələcəkdə SAT nəticələri digər yerli universitetlər tərəfindən də tanınsa, bu, həm təhsil rəqabətini artırar, həm də gənclərə daha çox seçim azadlığı verər.


Hazırkı model necə dəyərləndirilir?


Ekspert bildirir ki, Respublika Fənn Olimpiadalarının və beynəlxalq idman yarışlarının qaliblərinə verilən imtahansız qəbul hüququ müsbət və stimullaşdırıcı bir yanaşmadır. Bu, həm ölkədə istedadların üzə çıxarılmasına, həm də onların itirilmədən təhsil sisteminə inteqrasiyasına xidmət edir. Düşünürəm ki, bu istiqamətdə əlavə dəyişikliyə ehtiyac yoxdur. Əsas olan tətbiq edilən meyarların şəffaf və obyektiv saxlanılmasıdır. Bu baxımdan ekspert imtahansız qəbul mexanizminin daha çox gəncə şamil olunması əvəzinə, onun keyfiyyət və tətbiq mexanizmlərinin qorunmasına önəm verilməsini vacib hesab edir.


Beləliklə, imtahansız qəbul modeli bir tərəfdən istedadlı və fərqlənmiş şəxslərə alternativ imkanlar təqdim edir, digər tərəfdən isə ümumi təhsil sistemində təşviqedici rol oynayır. Ekspertlərin də qeyd etdiyi kimi, bu hüququn qorunması və bəzi istiqamətlər üzrə genişləndirilməsi ali təhsilin əlçatanlığını və keyfiyyətini daha da artıracaq.


Gülgəz Qədirova

Referans  

Seçilən
10
referans.az

1Mənbələr