AZ

“Dünyanın heç bir yerində seçim qrupa görə edilmir” - Məzahir Məmmədli

“Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi gözləniləndən daha çətin keçdi. Hamı ümid edirdi ki, əlavə 5 000 plan yeri artırılacaq və bu, ümumi gərginliyi bir qədər azaldacaq. Lakin gözləntilər özünü doğrultmadı. Bu il 3-cü qrup çox ağır, 1-ci qrup nisbətən ağır, 2-ci və 4-cü qruplar isə kifayət qədər normal keçdi. Bununla belə, ixtisas seçimi mərhələsində Azərbaycan mühitində fərqli bir mənzərə müşahidə olunmur. Valideynlərin təzyiqi və arzusu—oğlunu və ya qızını müəyyən peşəyə yönləndirmək istəyi—hələ də davam edir. Bu təzyiq tələbələrin üzərində hiss olunur və buna görə onlara təsir etmək çətindir. Dövlət imtahan mərkəzinə dəfələrlə təkliflər verilmişdir və məsələ hələ də gündəmdədir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb. APA-nın məlumatına görə, 86 460 abituriyent elektron ixtisas seçimi ərizələrini təsdiqləyib. Qeyd edək ki, ixtisas seçimi avqustun 11-də başlayıb.

Ekspert bildirib ki, bu problem uzun müddət gündəmdə qalacaq və dövlət imtahan mərkəzi ixtisas seçimini qrup formatından çıxarmalıdır.

“İxtisas seçimi artıq qrupa görə aparılmamalıdır. Dünyanın heç bir yerində belə yanaşma yoxdur; hər kəs özünü harada görürsə, oraya uyğun seçim etməlidir. Azərbaycanda 3-cü qrupa sənəd verənlər daha çox hüquq sahəsini seçir, nəticədə isə tarix və Azərbaycan dili-ədəbiyyat müəllimi olurlar. Çünki seçimlər ixtisas üzrə deyil, qrupa görə aparılır və hər qrupun özünə görə fərqli ixtisas imkanları mövcuddur. Düşünürəm ki, bu problemləri nəhayət həll etməliyik və ən yüksək səviyyədə ixtisas seçimi məsələsində aydınlıq yaratmalıyıq. Ən azı, ixtisas seçən şəxslər artıq əmək bazarını nəzərə almalıdır. Onlar proqnoz verməli, yəni “mən hansı ixtisası seçim ki, sabah əmək bazarında çətinlik çəkməyim” sualına cavab tapmalıdırlar. İxtisas seçimi artıq önəmli və strateji qərar kimi planlaşdırılmalıdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
16
1
aznews.az

2Mənbələr