AZ

Dünya liderləri toplaşdı, Tramp Ərdoğanı çağırmadı – SƏBƏB

  Avqustun 20-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Tərəflər avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri arasında keçirilən görüşü müzakirə ediblər. Liderlərin Ukrayna münaqişəsi ətrafında da fikir mübadiləsi apardıqları bildirilir.

Referans bildirir ki, Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, bir müddət əvvəl Yaxın Şərqdə baş verən proseslər, həmçinin İran-İsrail toqquşması Rusiya-Ukrayna müharibəsini arxa plana keçirmişdi:

“Lakin son zamanlar bu məsələ yenidən aktuallıq qazanıb. ABŞ Prezidenti Donald Tramp maksimum dərəcədə çalışır ki, bu məsələ ilə bağlı nəticə ortaya qoysun. Danışıqlar prosesi, ayrı-ayrı təmaslar məhz buna hesablanıb. Bundan başqa, Tramp həm də məsələnin ABŞ ərazisində müzakirə edilməsinə təşəbbüs göstərir. Alyaska da ABŞ ərazisidir və Rusiya Prezidenti ilə orada görüşdü. Ardınca Avropa liderləri ABŞ-a səfər etdi və burada Trampın qarşısına əyləşdi. Bütün bunlar Trampın və ABŞ-ın dünyada söz sahibi olduğunu göstərməyə xidmət edir.

Artıq Ukraynanın ərazi bütövlüyü və ya Rusiya ordusunun Ukraynanı tərk etməsindən danışılmır. Gündəm ərazi mübadiləsi və təhlükəsizlik təminatıdır. “Təhlükəsizlik təminatı” anlayışı belə dəyişib. Yəni NATO çərçivəsində təhlükəsizlik təminatından danışılmır. Buna görə də Avropa liderlərinin Vaşinqtonda baş tutan görüşündə Rəcəb Tayyib Ərdoğan iştirak etmədi. Əgər NATO çərçivəsində təhlükəsizlik təminatında söhbət getsəydi, Ərdoğanın da fikri nəzərə alınardı”.

Politoloq qeyd edib ki, bir qədər əvvəl ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub:

“ABŞ Türkiyənin mövqeyini nəzərə alır, amma proses artıq NATO çərçivəsində getmir və bunu anlamaq lazımdır. Hesab edirəm ki, Türkiyə prosesdə başqa cür iştirak edəcək. Mümkündür ki, Rusiya və Ukrayna prezidentləri Türkiyədə görüşə bilərlər. Yəni Türkiyə bu missiyanı üzərinə götürə bilər. Real görüş məkanı kimi Türkiyə daha əlverişlidir. Rusiya tərəfi görüşün ərəb ölkələrindən birində ola biləcəyini qeyd etmişdi. Amma Türkiyənin müharibənin başlanmasından bu günə qədər tutduğu mövqe vasitəçilik baxımdan görüş yerinin Türkiyə olmasını daha real edir”.  

Seçilən
1
referans.az

1Mənbələr