AZ

Rusiyanın susqunluğu nə vaxta qədər davam edəcək? 

2024-cü il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190-100IGW” tipli sərnişin təyyarəsi Rusiya səmasında vuruldu.  Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak oldu, 29-u sağ qaldı. İnsanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradıldı, ölkədə bir günlük (26 dekabr) matəm elan olundu.

AZAL-ın təyyarəsinin vurulması məsələsi bu gün də gündəliyimizdədir. Şübhəsiz, beynəlxalq qanunlara görə, əgər Azərbaycan təyyarəsinə zərbə Rusiya Federasiyasının nəzarətində olan hava məkanında dəyibsə, bu halda hüquqi və siyasi məsuliyyət Moskvanın üzərinə düşür. Amma bu hadisədən 8 ay keçməsinə baxmayaraq, rəsmi Bakı hələ də Kremldən  nəinki beynəlxalq hüquq normalarına, hətta ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinə uyğun gələn rəsmi bir cavab almayıb. Yeri gəlmişkən, rusiyalı politoloq Sergey Markov bu günlərdə bildirib ki, ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında məhz Rusiya tərəfindən vurulduğu tam bəlli olsa da, Moskva bunu hələ ki, etiraf etməkdən yayınır. Yəni Moskva hələ də Aktauda baş verən faciəyə görə məsuliyyəti rəsmən öz üzərinə götürməyib. Bu günlərdə Milli Qəhrəman, əslən Kəlbəcər rayonunun Susuzluq kəndindən olan Hökumə Əliyevanın doğum günü münasibətilə Samux rayonunun Alıuşağı kəndində keçirilən tədbirdə iştirak edən AZAL-ın vitse-prezidenti İlham Əmirov bildirib ki, təhqiqatı aparan komissiyanın ilkin nəticələri təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib.

Azərbaycan isə bu məsələdə beynəlxalq hüquqa əsaslanaraq Rusiya Federasiyasından rəsmi üzr, hadisəyə görə maliyyə kompensasiyası və günahkar şəxslərin cəzalandırılmasını tələb etməkdə davam edir. Bununla da ölkəmiz bu mübarizədə yalnız öz ədalətini deyil, eyni zamanda beynəlxalq hüququn nüfuzunu qoruyur.

Bu günlərdə Qazaxıstan KİV-i ölkənin baş nazirinin müavini Kanat Bozumbayevə istinadən belə bir məlumat yayıb: “Təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanmasına keçid edilir”. Amma o, yekun hesabatın nə zaman təqdim olunacağının  dəqiq tarixini bildirməyib. 

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq: “Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik”. Əslində, rəsmi Baki təyyarəmizin vurulduğu ilk gündən bu  tələbi səsləndirib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, dövlətin rəsmi strukturları həm Rusiya, həm də Qazaxıstan tərəfi ilə bu məsələ ilə əlaqədar əməkdaşlıq edir. “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayırıq, məktublar ünvanlayırıq. Qarşı tərəf hələ ki, istintaq hərəkətləri və ekspertizaların həyata keçirilməsini əsas gətirərək istintaqın konkret nəticələri barədə bizə məlumat vermir”.

Yeri gəlmişkən qeyd edək ki,  Rusiyada bu məsələyə fərqli don geyindirmək istəyənlər də var. Onların iddialarının məğzində dayanan məqam budur: Guya Azərbaycan öz kursunu dəyişdirmək istəyirdi, təyyarə olayı ona bəhanə qazandırdı. Şübhəsiz, bu olduqca cəfəng bir iddiadır. Əsl həqiqətdə isə bundan istifadə edən Rusiya Azərbaycanla münasibətlərinə kölgə salmağa çalışır. Elə Yekaterinburqda və digər yaşayış məntəqələrində həmvətənlərimizə qarşı həyata keçirilən vandal davranışlar, absurd iddialarla ölkəmizə media savaşının açılması, Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqələrinin hədəfə alınması belə fikir yürütməyə əsas verir. Bütün bunlar həm də Rusiyanın  regionda dayanıqlı sülh yaranmasını qəbul edə bilməməsi deməkdir. Bu mənada Rusiyanın Azərbaycan ilə münasibətləri pozmağa maraqlı olduğunu söyləmək olar. Ümumiyyətlə, Rusiyanın təyyarə məsələsindəki susqunluğu və sadaladığımız digər davranışları da Azərbaycanla gərginliyin saxlanılmasına xidmət edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr