AZ

Kəlbəcər yolu İlham Əliyevin zəfər və tərəqqi yolu

Modern.az saytına istinadən ain.az xəbər verir.

Daha bir sevincli, şərəfli və qürurlu gün yaşadıq. Avqustun 21-də Şərqi Zəngəzurun daha bir rayonu əbədi-əzəli sakinlərinə qucağını açdı, 32 illik həsrətdən sonra Kəlbəcərə ilk köç karvanı yol aldı. 

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin açılışını etdi, sakinlərə mənzillərinin açarını təqdim etdi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni Kəlbəcərin ilk sakinlərini təbrik etdi. 

Azərbaycanın ən ucada yerləşən, ən böyük, ən səfalı və strateji baxımdan ən əhəmiyyətli rayonlarından biri olan Kəlbəcərdə həyat yavaş-yavaş öz axarına düşür. Artıq birinci yaşayış kompleksində ilk sakinlər, ilk gecələrini keçirdilər, ilk səhərlərini açdılar və "sabahın xeyir, Kəlbəcər" söylədilər.

Artıq cənab Prezident İlham Əliyev Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin bünövrəsini qoymuşdur və bir müddət sonra Kəlbəcər 10 mindən çox sakinin yaşadığı dağlar qoynunda gözəl bir şəhərə çevriləcəkdir.

Cənab Prezident Kəlbəcər sakinləri ilə görüşdə söylədi ki, Kəlbəcərin yol infrastrukturu daha da yaxşılaşacaq, tunellər Gəncə-Kəlbəcər arasındakı məsafəni həm qısaldacaq, həm də rahat edəcəkdir. Laçın-Kəlbəcər, Naftalan-Ağdərə-Kəlbəcər yolları da ən müasir səviyyədə qurulmaqdadır.

Bir vaxtlar kəlbəcərli şair Sücaətin öz məcburi köçkün soydaşlarına təskinlik verərək dediyi :

"Ağlaya-ağlaya köçən Kəlbəcər,

 Bir gün gülə-gülə qayıdacaqdır"-, sözləri həqiqətə çevrildi və bu reallığı yaradan da Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman Azərbaycan xalqı, onun igid oğullarıdır.

Amma bizim Kəlbəcərin bu sevincli günlərinə gəlməyimiz çox da rahat olmamışdır və acı tarixləri də heç zaman unutmamalıyıq, həm ibrət üçün, həm də o faciələri bir daha yaşamamaq üçün. 

Görənlər bilir ki, Kəlbəcər dağların qoynunda bir qaladır, təbiətin yaratdığl bir istehkamdır. Bəs necə oldu ki, belə bir təbii müdafiə relyefinə malik olan rayonumuz 1993- cü ilin 2 aprelində işğal edildi? Burada xəyanət də var idi, satqınlıq da, səriştəsizlik də. Hətta o vaxtkı xəyanətkar AXC-Musavat hakimiyyətinin bəzi başıboş liderləri utanmadan söyləyirdilər ki, biz Kəlbəcərin işğalına özümüz şərait yaratdıq ki, BMT Ermənistanı işğalçı dövlət kimi tanısın və qoşunları təkcə Kəlbəcərdən deyil, eləcə də işğal olunmuş bütün ərazilərdən çıxartsın. Bəli, bu sözlər indi insana gülməli gəlir, nifrət, ən yaxşı halda isə acı təəssüf doğurur, amma 1992-93- cü illərdə məhz bu düşüncənin sahibləri ölkəyə rəhbərlik edirdilər. Məhz bu səbəblərə görə, 1991-ci ildə yaranmış tarixi şəraitdən istifadə edərək öz dövlət müstəqilliyini elan edən xalqımız 1993-cü ilə qədər dövlət qura bilmədi, siyasi və iqtisadi xaos, dövlət rəhbərliyində olanların səriştəsizliyi, siyasi iradə və konkret siyasi proqramın olmaması, Qarabağda separatçılığın alovlanması, nəinki torpaqlarımızın işğalı ilə nəticələndi, hətta müstəqilliyimizin itirilməsi və respublikanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq.

Belə bir çətin zamanda Ümummilli Lider Heydər Əliyevin güclü iradəsi, şəxsi fədakarlığı, böyük siyasi təcrübəsi milləti və dövləti xilas etdi. O zaman Naxçıvanda yaşayan, blokada şəraitində və erməni təcavüzü ilə üzləşmiş muxtar respublikaya rəhbərlik edən Heydər Əliyev xalqın çağırışı ilə 1993-cü ilin iyununda Bakıya gələrək xilaskarlıq missiyasını öz üzərinə götürdü, dövlət böhranını, hərbi qarşıdurmanı, vətəndaş müharibəsi təhlükəsini, bir-birinin ardınca baş verən dövlət çevrilişləri cəhdlərini böyük siyasi ustalıq və cəsarətlə aradan qaldıraraq müasir Azərbaycan dövlətçiliyinin təməlini qoymuş oldu. 

Sonra isə tamamlayıb başa çatdıra bilmədiyi işləri özü qədər inandığı varisinə - cənab İlham Əliyevə həvalə etdi.

Cənab Prezident İlham Əliyev 2003-cü ildə prezident kimi ilk and içmə mərasimində bütün dünyaya bəyan etdi: Bizim yolumuz Heydər Əliyev yoludir! Bu yol bizi işıqlı, xoşbəxt, firəvan günlərə aparacaq.

Ulu Öndər Heydər Əliyevin oğlu və siyasi varisi cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək onun arzu etdiyi, planlaşdırdığı, lakin yerinə yetirməyə imkan tapmadığı bütün tarixi missiyaları yerinə yetirdi. Bu missiyanın başında isə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanırdı. 

Bu tarixi və şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyev öz xalqı ilə birlikdə ləyaqətlə yerinə yetirdi.

Ulu Öndər Heydər Əliyevin ideyaları və tövsiyələri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışları və şəxsi nümunələri ilə milli-vətənpərvər ruhda böyüyən Azərbaycan gəncliyi  44 günlük Zəfər savaşında Vətənin azadlığı uğrunda ön cəbhəyə atıldı, şəhid oldu, qazi oldu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 

Kəlbəcər sakinləri ilə görüşdə cənab Prezident qarşıda duran növbəti tarixi missiyanı cəmi üç kəlmə ilə çox sərrast ifadə etdi: "Bizim işimiz quruculuqdur!" 

Əslində, bu missiya Zəfər savaşı bitən günün səhərindən başlayıb, durmadan, dayanmadan davam edir, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və məskunlaşma işləri günü-gündən daha böyük vüsət alır. Cənab Prezident İlham Əliyevin nəzarəti altında  Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla həyata keçirilir, indiyə qədər bu məqsədlər üçün 25 milyard manat vəsait ayrılıb, 2026-cı ilin sonunda 140 mindən çox keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdıb məskunlaşması təmin ediləcəkdir.

Bu da simvolik və ibrətamizdir ki, cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva Kəlbəcərə gəlməzdən bir gün əvvəl Gəncədə Ermənistanın raket terroru nəticəsində şəhid olmuş mülki insanların xatirəsinə ucaldılan Memorial Kompleksdə görülən işlərlə tanış olmuş, terror qurbanlarının xatirəsini yad etmişdilər. Dünyada hər kəsə məlumdur ki, Azərbaycan bölgədə sülh, əməkdaşlıq, tərəqqi tərəfdarıdır və Ermənistanla imzalanacaq sülh müqaviləsi də bizim təşəbbüsümüzlə, bizim təkliflər əsasında hazırlanmışdır. 

Bununla yanaşı, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.

Mən Azərbaycanımızın bütün bölgələrini gəzmişəm, dünyanın 50-yə yaxın ölkəsində olmuşam, lakin Kəlbəcər qədər füsunkar ikinci bir diyar görməmişəm. Uca, şiş qayalı dağları, dərin dərələri, sıx meşələri, yaşıl ormanları, örüş yerləri, bumbuz bulaqları, gur çayları, dərman bitkiləri, müalicəvi mineral suları Kəlbəcəri daha da qiymətli və əsrarəngsiz edən təbiətin misilsiz bəxşişi, xalqımıza lütfüdür.

Cənab Prezident İlham Əliyevin çox dəqiq müşahidəsidir ki, "əgər yer üzündə cənnət varsa, bu Kəbəcər diyarıdır". 

Kəlbəcər həm də mineral ehtiyatları ilə də zəngindir. 

Amma, fikrimcə, Kəlbəcərin ən böyük neməti və ən doğru təyinatı turizmdir. Heç bir parametri ilə Kəlbəcər dünyanın turizm incisi sayılan Alp yamaclarından geri qalmır. Lazımi işlər görərək müasir sosial təsisatlar və infrastriktur yaradılarsa, qısa müddətdə Kəlbəcər dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilə bilər.

Cənab Prezident Kəlbəcər sakinləri ilə görüşdə rayonun turistik əhəmiyyətini qeyd edərək söylədi ki, Kəlbəcərdə "İstisu" sanatoriyası ən müasir tələblər səviyyəsində tikilir, başqa turistik obyektlərin, o cümlədən, kanat yolunun tikilməsi də nəzərdə tutulmuşdur. Bu həm də iri tutumlu məşğulluq layihələridir. 

Kəlbəcərdə artıq kənd təssərrüfatının arıçılıq və heyvandarlıq layihələri uğurla tətbiq edilir və yaxşı nəticələr verməkdədir. 

Bir fikrimi də diqqət mərkəzinə gətirmək istəyirəm. Kəlbəcərin olduqca böyük dərman bitkiləri potensialı vardır və bu potensialdan səmərəli istifadə etməyimiz lazımdır. Kəlbəcərin rəngarəng florasında 500-ə yaxın növdə dərman bitkiləri vardır ki, bu dərman bitkiləri  ürək-damar, mədə-bağırsaq, böyrək, qaraciyər, əzələ-oynaq, ağciyər,  dəri, diabet və bir çox digər xəstəliklərin müalicəsində istifadə olunur. Əgər Kəlbəcərin dərman bitkilərinin davamlı olaraq toplanmasını və sənaye üsulu ilə istehsalını təşkil edəriksə, burada bütün Azərbaycanın dərman bitkilərinə olan tələbatını ödəmək imkanı vardır. Hətta dərman bitkilərini eksport da edə bilərik.

Mənim kəlbəcərli dostlarım, Kəlbəcərlə bağlı çoxlu xoş xatirələrim vardır. Kəlbəcərin təbiəti nə qədər zəngindirsə, insanları da o qədər istedadlı, dürüst, mərd və çalışqandır.

Təxminən bir ay qabaq Kəlbəcərdə olarkən, əslən Kəlbəcərin Sarıdaş kəndindən olan tanınmış jurnalist Elşad Eyvazlı ilə onların kəndlərinə, yaylaq yerlərinə də baş çəkdik. Elşad müəllim dərin bir kədər içində evlərinin nişanəsi olan uçulmuş divarları bizə göstərəndə həm ona təsəlli üçün, həm də elə yaxın günlərin reallıqlarını nəzərdə tutaraq dedim ki, heç fikir eləmə, evinizin bünövrəsi qalır, özü də çox möhkəmdir. İnşallah yaxın vaxtlarda eviniz də tikiləcək, kəndiniz də bərpa olunacaq. Mən bünövrəsi möhkəmdir deyəndə bugünkü Azərbaycan dövlətinin qüdrətini nəzərdə tuturdum və həssas söz adamı olan Elşad bəy də fikrimi göydə tutdu, Allah dövlətimizi qorusun-, dedi.

Kəlbəcərdə yollara baxıram...

... Bu yol Zülfüqarlı İstisuyuna aparır, oradan Laçın hava limanına 60-70 kilometrdir

... Bu yol isə Dərələyəzə, Safolular İstisuyuna aparır, təpənin o biri üzü isə Qarakilisənin yaylaqlarıdır. 

... Bu yolun o biri başı Göyçədir, Zod kəndidir. 

... Kəlbəcərdə hara baxdımsa Vətəni gördüm, bütün yollar Vətən torpaqlarına aparır.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması sülh müqaviləsinin yaxın zamanlarda imzalanmasına və Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyaların açılmasına inamımızı artırmışdır.

Mən çox inananıram ki, sülh müqaviləsindən sonra bütün kommunikasiyalar, o cümlədən, Kəlbəcərdən Vətənin qıraqda qalan yerlərinə gedən yollar da açılacaqdır.

...Əsas yoldur, yol varsa geci-tezi yolçusu da olacaqdır.

...Yolçu yolda gərək!

Musa Urud, millət vəkili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
6
modern.az

7Mənbələr