AZ

BMU-İNHA İDP-nin 114 tələbəsi İnçon şəhərindədir

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində 114 tələbə IV kursu Koreya (Cənubi) Respublikasında davam etdirmək üçün adıçəkilən ölkənin İnçon şəhərindədir.

"Unikal" xəbər verir ki, mərhələli şəkildə Koreyaya yola salınan İDP tələbələri cari ilin 25 avqust tarixindən etibarən yeni mühitdə tədris prosesinə çevik uyğunlaşmaq məqsədilə intensiv şəkildə baza əsaslı dərslərə qatılacaqlar. Sentyabr ayının 1-dən isə İNHA Universitetində sonuncu kurs üzrə dərslərə start veriləcək.

Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə uyğun olaraq tələbələr bakalavriat səviyyəsində “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar.

Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli Sərəncamına uyğun olaraq proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

Bu ildən ikili diplom proqramına yeni tədris ili üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılıb.

Məlumat üçün bildirək ki, son iki ildə proqramı uğurla başa vuran 143 tələbə İDP məzunu adını qazanıb.

Seçilən
19
3
unikal.az

10Mənbələr