AZ

İsrail dəhşətli hücuma belə başladı:  Kritik əməliyyatın sirri açıldı 

“2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qazzalılar  üçün “Pandora qutusunu açan” bir hadisə kimi tarixə düşüb. Bu, İsrail və Fələstin arasında ilk toqquşma olmasa da, rəsmi Tel-Əviv həmin hücumu strateji qazanca çevirməkdə israrlıdır”
Bu fikirləri İnönü Universiteti Strateji Araşdırmalar Mərkəzinin direktoru prof. Fikret Birdişli Moderator.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, iki nüans var ki, bunlar İsrail üçün indiyədək ələ keçməmiş bir fürsət oldu. Birincisi, HƏMAS-ın bir çox ölkə tərəfindən terror təşkilatı kimi qəbul olunması, ikincisi isə hücumu həyata keçirən İzzəddin əl-Qəssam dəstələrinin aralarında xaricilərin də olduğu 250 mülki şəxsi girov götürməsidir:
 
“Bu iki amil beynəlxalq ictimaiyyətin Qəzzalıların yaşadığı insanlıq faciəsinə yetərincə reaksiya verməməsinə və bir sıra hallarda biganə qalmasına gətirib çıxardı. Netanyahu hökuməti 7 oktyabradək daxili siyasətdə korrupsiya qalmaqalları və konstitusiya dəyişiklikləri ilə bağlı avtoritar meyillərinə görə ciddi təzyiqlərlə üzləşmişdi. Görünən odur ki, Netanyahu bu hadisələri ona qarşı yönəlmiş müzakirələrin üstünü örtmək üçün bir vasitə kimi istifadə edir. Hətta Suriya, İran və Ukrayna kimi böyük gücləri məşğul edən hadisələri də fürsət bilərək Qəzzanı lhaq planını işə salmış vəziyyətdədir”.
 
Türkiyəli politoloqun fikrincə, İsrailin Baş naziri Netanyahu əvvəldən belə bir plan üzərində işləyirdi:
 
“Onun zaman-zaman sülh danışıqlarında iştirak etməsi isə əslində tamamilə bir imic idarəsindən ibarət idi. İzzəddin əl-Qəssam dəstələrinin döyüşçüləri və sözçüləri mətbuata açıqlama verərkən maskalı simaları, geyimləri və başlarındakı sarğılarla beynəlxalq ictimaiyyətin DAEŞ-lə bağlı yaddaşlarına istər-istəməz mənfi təsir qoydular. Bu da beynəlxalq ictimaiyyətin məsələyə soyuq yanaşmasına gətirib çıxarır və bu münasibət İsrail üçün çəkindirici təsir daşımır. Bundan əlavə, Fələstin Muxtariyyətinin HƏMAS-la İsraili faktiki olaraq üz-üzə buraxması Qəzzadakı insanların dramını və təkliyini daha da artırır. Görünən budur ki, İsrailin Hizbullah, Suriya və İrana qarşı  əldə etdiyi “uğurlar” Qəzza mövzusunda barışmaz mövqeyinin motivasiyasına çevrilib. İsrail ələ keçirdiyi bu “tarixi fürsəti” qəti nəticəyə çevirmədən təcavüzkar siyasətindən əl çəkəcək kimi görünmür.
Əgər HƏMAS bu müddətdə əlindəki bütün əsirləri azad etsəydi, daha çox beynəlxalq dəstək və danışıqlarda üstün mövqe əldə edə bilərdi. Lakin bu gün gəlinən məqamda İsrailin təcavüzkarlığına qarşı mümkün ola biləcək yeganə cavab Fələstin dövlətinin tanınmasıdır. Çünki İsrail Qəzzanı tam nəzarəti altına alana qədər hücumlarını və qətliamlarını davam etdirəcək”.
 
Politoloq sonda İsrail baş naziri Netanyahunun əsirlərlə bağlı mövqeyinə də toxunub:
 
“Mən Netanyahunun HƏMAS-ın əlindəki əsirlərlə maraqlandığını düşünmürəm. O, onları İsrailin Fələstin üzərindəki “mütləq qələbəsinin” qurbanları kimi görür”.
“Türkiyədə hökumətin İsrailin hücumlarına qarşı verdiyi reaksiyalar ictimaiyyəti tam qane etmir. Hökumətin əks yöndə açıqlamalarına və səylərinə baxmayaraq, ictimaiyyətdə Türkiyənin İsraillə münasibətləri davam etdirdiyinə dair bir qənaət mövcuddur. AKP hökumətinin əsas dayağını təşkil edən radikal kəsimlərdən biri Türkiyənin hadisələrə hərbi yolla müdaxilə etməsi istiqamətində ictimai təzyiq yaratmağa çalışır. Əlbəttə, bu, beynəlxalq hüquq və Türkiyənin milli maraqları baxımından mümkün deyil. Lakin hökumət indiyə qədər bir çox məsələdə yararlandığı dini həssasiyyətlərin bu dəfə özünə qarşı təzyiqə çevrildiyini görür. Bütün bu qarışıqlığa baxmayaraq, Türkiyədəki siyasi rəhbərlik vəziyyəti ən məqbul səviyyədə idarə etməyə çalışır. Bu səbəbdən də İsrailin Qəzzəni işğal planı qarşısında Türkiyənin beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırmaqdan başqa çox az seçimi var” ”, – deyə o bildirib.
 
Mehin Mehmanqızı
 
Seçilən
3
moderator.az

1Mənbələr