AZ

Uzunmüddətli ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 22 avqust, AZƏRTAC

Bir vaxtlar çadırlarda, uşaq bağçalarında və uyğunlaşdırılmış binalarda məskunlaşmağa məcbur olan kəlbəcərlilər bu gün doğma yurda dönürlər. Uzunmüddətli ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır. Azərbaycan dövlətinin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində artıq ilk yaşayış kompleksi istifadəyə verilib və lazimi infrastruktur qurulub. Yaxın illərdə burada dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması nəzərdə tutulur. Bu, təkcə məskunlaşma deyil, həm də ədalətin, xalqın iradəsinin və tarixi qələbənin təntənəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Kəlbəcərin işğalı Azərbaycan üçün həm faciə, həm də strateji zərbə olub. Bundan sonra isə Ermənistan bu torpaqları qaytarmamaqla yanaşı, formal olaraq danışıqlarda iştirak edib. Uzun illər davam edən nəticəsiz danışıqlar xalqın səbrini sınağa çəksə də, Azərbaycan heç vaxt işğalla barışmayıb:”Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımız hər gün, hər saat Zəfər gününü yaxınlaşdırmaq əzmi ilə yaşayıb. 44 günlük Vətən müharibəsi isə xalqımızın bir yumruq kimi birləşdiyini bütün dünyaya sübut edib. Qəhrəman əsgər və zabitlərimiz canları, qanları bahasına torpaqlarımızı azad ediblər. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur olub. Bu dövr ərzində Ermənistan ordusunda 12 min fərarinin olması isə onların acizliyinin göstəricisidir. Vətən müharibəsi başa çatdıqdan sonra Kəlbəcər işğal altında qalsa da, Azərbaycan diplomatik və hərbi gücü ilə düşməni təslim olmağa məcbur edib. Ölkəmiz qarşı tərəfə əşyalarını yığıb köçmək üçün bir neçə gün vaxt verib, ancaq, təəssüf ki, işğal zamanı bu vaxt bizə tanınmayıb. Buna baxmayaraq, Kəlbəcərdə yaşayan ermənilər onlara verilən vaxtdan sui-istifadə edərək bölgədə bir dənə də olsun, salamat bina qoymayıblar. İşğalçılar şəhəri talan edib, küçələri yandırıb, məscidləri dağıdıb. Çıxarılmaları üçün vaxt verilsə də, onlar bütün şəhəri viran qoyaraq tərk ediblər. Bu faciələr, Xocalı soyqırımı və digər vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək”

Deputat vurğulayıb ki, suverenliyimizin bərpası üçün sonuncu missiya bir gündən az müddətdə, 2023-cü ilin sentyabrında həyata keçirilib və bununla da ərazi bütövlüyümüz tam təmin olunub. “Bu gün regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnində Azərbaycanın maraqları qabarıq şəkildə əksini tapıb. Ən mühüm strateji nailiyyətlərdən biri isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısının təmin edilməsidir. Yaxın illərdə həm avtomobil, həm də qatarla Naxçıvana birbaşa səfərlər mümkün olacaq. Zəngilana qədər dəmir yolunun inşası davam edir, Ermənistan isə öz ərazisində dəmir yolu çəkilməsini öhdəsinə götürüb. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi, ölkəmizdən keçən mühüm strateji nəqliyyat bağlantılarından daha birinin işlək vəziyyətə gətirilməsi deməkdir”,- deyə P. Vəliyeva bildirib.

Ermənistanı dəstəkləyən qüvvələrin işğal dövründə və müharibə zamanı daim Azərbaycanın qarşısını almağa çalışdığına diqqət çəkən deputat əlavə edib ki, bəzi ölkələr münaqişəni dondurmaq, işğalı unutdurmaq siyasəti aparırdılar:“Ermənistanı hər vəchlə dəstəkləyir, silahlandırırdılar. Hesablamalardan məlum olur ki, bu müddət ərzində 5–6 milyard dollar dəyərində silahlar Ermənistana verilib, hansı ki onlar bunu almaq iqtidarında deyildilər. Əgər vaxtında real təzyiqlər olsaydı, bugünkü Rusiya-Ukrayna müharibəsindəki kimi Qərbin kollektiv səyləri, sanksiyaları, hədələri olsaydı, Ermənistan torpaqları sülh yolu ilə qaytarardı və heç bir itki də olmazdı. Lakin Azərbaycan bu ədalətsizlik qarşısında geri çəkilmədi və mübariz ruhu ilə haqq işini həyata keçirdi”.

O qeyd edib ki, Azərbaycan xalqı 30 il ərzində bütün dünyaya göstərdi ki, işğalla barışmayacaq. 2020-ci ilin Zəfəri və ardınca həyata keçirilən uğurlu əməliyyatlar Azərbaycanın gücünü təsdiqləyib. “Dövlətimizin başçısının dediyi kimi, son 80 ildə dünyada heç bir ölkə Azərbaycan qədər tam və mütləq qələbə qazana bilməyib. Bu, yalnız hərbi qələbə deyil, həm də xalqın ləyaqətinin, dövlətin siyasi iradəsinin və beynəlxalq hüququn bərpasıdır. Bu gün Azərbaycan yalnız qalib dövlət deyil, həm də regionda sülhün təminatçısıdır”, - deyə P. Vəliyeva vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
8
azertag.az

10Mənbələr