Azərbaycan dövləti Kəlbəcər sakinlərinin doğma yurduna qayıtması üçün hər cür şərait yaradıb - DEPUTAT
Cənnətin bir nümunəsi varsa, o, dağların qoynunda İsveçrə üslubunda xarabalıqlar üzərində ucalan Kəlbəcər şəhəridir. Ermənilər Kəlbəcəri 30 ildə dağıtdılar, taladılar və xarabalığa çevirdilər. Azərbaycan dövləti isə Kəlbəcərdə bərpa-quruculuq işlərini həyata keçirərək sakinlərin doğma yurduna qayıtması üçün hər cür şərait yaradıb. Kəlbəcər şəhəri işğaldan əvvəl 7 min insanın yaşadığı bərbad yolları olan, şəraitsiz bir yaşayış məntəqəsi idisə, indi 10 min nəfərlik müasir şəhər salınır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə 4 ildə dağların altında 12 kilometr uzunluğunda bir neçə tunel də inşa edib.
Bu sözləri mətbata açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Azərbaycanın ən böyük rayonu olan Kəlbəcər 1992-ci ildə AXC -Müsavat cütlüyünün xəyanəti nəyticəsində Ermənistan tərəfindən işğal olundu. Laçın dəhlizinin ermənilərə verilməsi təkcə Kəlbəcəri yox, Şuşa, Laçın və digər rayonlarımızın da 30 il Ermənistanın işğalı altında düşməsinə yol açdı. Təbii ki, beynəlxalq hüquq Azərbayanın ərazi bütövlüyünü dəstəkləyirdi. Amma torpaqlarımızın işğaldan qeyd-şərtsiz azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş 4 qətnamə icra olunmadı. Keçmiş “Dağlıq Qarabağ” münaqişəsini sülh yolu ilə həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti Rusiya, Fransa və ABŞ işğalçı Ermənistana heç bir təzyiq göstərmədi, əksinə münaqişəni dondurmaq və Azərbaycan xalqını işğalla barışdırmağa çalışdılar. Hətta torpaqlarımızın işğalına verən qüvvələr bunu əbədiləşdirmək üçün Ermənistanı əvəzi ödənilmədən silahlandırır və sülhə getməsinin qarşısı alırdı. Amma Minsk qrupunun həmsədrləri Ermənistana sanksiyalar tətbiq edərək təzyiq göstərsəydi, İkinci Qarabağ müharibəsinin baş verməsinə ehtiyac qalmazdı.
“Dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyi, xalqın öz prezidentinin ətrafında sıx birləşməsi, müasir Azərbaycan ordusunun şücaəti sayəsində 2020-ci ildə 44 gündə torpaqlarımızın işağldan azad olunması ilə Ermənistan kapitulyasiya aktına imza atmağına məcbur edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalananda dövlətimizin başçısı müharibənin başa çatdığını və münaqişənin hərbi-siyasi yollarla həll olunacağını bildirmişdi. Təbii ki, müharibəni davam etdirsəydik daha çox şəhid verəcəkdik. Çünki relyef çətinliyi və qış fəslinin yaxınlaşması dağlarda müharibəni davam etdirməyi çətinləşdirəcəkdi. Amma bu bizi yolumuzdan döndərməyəcəkdi. Çünki qələbənin alterantivi yox idi. Prezident İlham Əliyevin uzaqgörən və düşünlmüş siyasəti bir güllə atılmadan Laçın, Ağdam və Kəlbəcər rayonlarının azad olunmasına imkan verdi. 2023-cü ilin sentyabrına qədər Qarbağda strateji yüksəkliklərə hakimliyi əldə etməyimizlə və keçirlmiş lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağda erməni saparatçılığa son qoyuldu.
Bu gün ərazilərimizdə tam suverenlik bərpa olunub və Ermənistanla münasibətlərin normallaşdırlması istiqamətində əməli addımlar atılır. Zəngəzur dəhlizin açılması ilə bağlı Azərbaycanın tələbi Erməmnistan tərəfindən qəbul edildi. Biz yaxın zamanlarda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru yolla geniş-gəlişin həyata keçiriləcəyinin şahidi olacağıq. Bu, sadəcə, Naxçıvanla birləşəcəyimiz bir yol yox, həm də beynəlxalq əhəmiyyətli bir dəhliz olacaq. Təbii ki, Vaşinqtonda, dünyanın 1 nömrəli ofisində imzalanmış sənədlərlə Ermənistanla münasibətlər normallaşacaq. Amma biz azərbaycanlıların soyqırımına məruz qalmasını və torpaqlarımızın işğalını heç zaman unutmamalıyıq”,-deyə A.Badamov vuğulayıb.
Deputatın sözlərinə görə, dövlətimizin başçısının kəlbəcərlilərlə görüşü zamanı Azərbaycan ordusunun maddi-texniki bazasının müasirləşdirlməsinə, döyüş qabiliyyətinin gücləndirilməsinə, yeni komando ordu növlərinin yaradılması ilə peşəkarlığının artırılmasına toxunaraq bizim hər zaman yeni təhlükələrə qarşı mübarizəyə cavab verməyə hazır olduğumuzu bildirdi. Bu gün dünyada baş verən proseslər fonunda son 80 ildə qəti qələbə qazanan yeganə ölkə Azərbaycandır. Amma qələbəmizi və yaratdığımız yeni reallığı həzm edə bilməyərək regionumuzu yenidən münaqişə zonasına çevirmək istəyən qüvvələr öz niyyətlərindən əl çəkmirlər. Azərbaycan ordusu və xalqı belə qüvvələrə qarşı cavab verməyə hər zaman hazırlıqlı olmalıdır.
O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 4 ildə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri bizim qurub-yaradan xalq olduğumuzu, müharibələri dəstəkləmədiyimizi bir daha təsdiq edir.