AZ

Rus millətçi qrupları Avropa qrantlı tələbələrin qəbulunu pozub

  Rusiyada hakimyyət tərəfindən dəstəklənən və maliyyələşən radikal millətçi təşkilatların tərəfdarları Moskvada, “Balçuq” otelinin qarşısında toplaşıblar.

Referans  "Sota" kanalına istinadən xəbər verir ki, orada əsasən SERB və “Rusiya zabitləri” birliklərinin üzvləri canfəşanlıq göstəriblər.

Onların fikrincə, burada Aİ-nin Rusiyadakı nümayəndəliyi Avropada Erasmus+ tələbə və müəllim mübadilə proqramı çərçivəsində təqaüd qazanmış tələbələri qəbul edirmiş.

Etirazçılar arasında “Başqa Rusiya E. Limonov” hərəkatının fəalları – “nasbol”lar da olub.

Otelin qarşısında piket keçirən fəallar iddia ediblər ki, proqram hələ də fəaliyyətini davam etdirir və Avropa kəşfiyyatının rəhbərliyi altında Avropa dəyərlərini təbliğ edir, iştirakçıları isə potensial Vətən xainləridir.

Onların sözlərinə görə, tədbirin təşkilatçıları planı uğurla həyata keçirmək üçün hər vasitəyə əl atıblar: diplomatlar əvvəlcədən küçənin o biri tərəfində düşür, gizlicə otelə keçməyə çalışır, rəsmi qırmızı nömrələr əvəzinə adi ağ nömrəli ehtiyat maşınlarla yaxınlaşır, dəvət olunmuş tələbələri isə tək-tək göndərirlər.

Bununla belə, “Başqa Rusiya E. Limonov” hərəkatının fəalları tədbirin keçiriləcəyi konfrans zalına daxil ola biliblər. Onlar tədbir iştirakçılarını “xalqın düşməni” adlandıraraq üzlərinə ittihamlarını söyləyib, tələbələrə isə Avropanın onları aldatdığını iddia edən vərəqələr paylayıblar.

Yayımlanan videolardan görünür ki, ən azı bir “nasbol” zala girərək tələbələrə “sizi rus qanı tökmək üçün istifadə edirlər” deyə qışqırıb.

Xatırladaq ki, Avropa İttifaqı hələ 2022-ci ilin aprelində Ukrayna müharibəsinə görə Erasmus+ və digər proqramları Rusiyada dayandırdığını bildirib. Həmin il Rusiya Təhsil Nazirliyi də tələbələrə bu proqramlarda iştirak etməyi tövsiyə etmədiyini bəyan edib./Musavat.com  

Seçilən
9
referans.az

1Mənbələr