AZ

Japarov və Tokayev ikitərəfli münasibətləri müzakirə edib

BAKI, TurkicWorld, Fərid Mikayılov

22 avqustda Qırğızıstan Prezidenti Sadır Japarov, rəsmi səfərlə Bişkekdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə dar tərkibdə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub.

"Bizim münasibətlərimiz Toktoqul ilə Abay, Çingiz ilə Muxtar kimi atalarımızın qoyduğu irsə söykənir. Əsas məqsədimiz bu tarixi mirası ləyaqətlə qoruyaraq gələcək nəsillərə ötürməkdir"- deyə Japarov bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə səmimi qəbula görə təşəkkür edərək, səfərin iki ölkə arasında dostluq və əməkdaşlığa yeni nəfəs verəcəyinə əmin olduğunu bildirib.

"Qazax və qırğız xalqları bir-birinə qardaşdır. Tariximiz, adət-ənənələrimiz və dünyagörüşümüz oxşardır. Əsrlərdir ALA-TOO ətəyində sülh və həmrəylik içində yaşamışıq. Bu gün də strateji tərəfdaşlıq ruhunda münasibətlərimiz sürətlə inkişaf edir"- deyə Tokayev vurğulayıb.

Tokayev, dövlətlərarası, parlamentlərarası və hökumətlərarası mexanizmlərin, həmçinin bölgələrarası əlaqələrin uğurla işlədiyini xüsusi qeyd edib.

Görüşün sonunda hər iki lider, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətlərini təsdiqləyiblər.

Seçilən
64
turkic.world

1Mənbələr