AZ

Laçın rayonu iqtisadi cəhətdən böyük potenasiala malikdir



“Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin azad edilməsindən üç il ötür. 2022-ci il avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçın şəhərinin nəzarətə götürülməsi ilə bağlı xalqımıza müjdə verdi. Üç ildir ki, 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması tariximizə qızıl hərflərlə yazılıb. Böyük strateji əhəmiyyətə malik 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət Laçın rayonu 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyuldu. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsi oldu.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan müstəqil siyasət aparmaqla beynəlxalq hüquq çərçivəsində bütün addımları atır. Heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, biz haqq yolundayıq və bizi kimsə yolumuzdan döndərə bilməz. 30 ildən sonra Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən hesab edilir.

“İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Rayonun ermənilər tərəfindən dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. Artıq məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə pararlel olaraq Laçının inkişafını da müşahidə edirik. Belə ki, Laçına yüzlərlə ailə köçürülüb, xeyli iş yerləri açılıb. Bu proses uğurla davam etməkdədir. 26 avqust tariximizdə hər zaman Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasət nəticəsində işğaldan azad olmuş torpaqlarımız qısa müddətdə bərpa olunacaq və daimi sakinlərinin yurd yerinə çevriləcək. Cənnət guşəsi olan Laçın şəhəri də əbədi yurdumuz olaraq qalacaq”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.




Seçilən
15
2
aia.az

3Mənbələr