AZ

Kəlbəcər və Ağdərənin yeni siması Böyük Qayıdış Proqramının uğurlu icrasını təsdiqləyir  

“Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərə də həyat qayıdır. “Böyük Qayıdış” Proqramı əsasında burada yüksək standartlara malik bərpa-quruculuq işləri aparılır, öz doğma yurduna qayıdan soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılır”.

Bu fikirləri “Azərbaycan” qəzetinə Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərə və Ağdərəyə səfəri, burada sakinlərlə görüş zamanı Kəlbəcər şəhərinin, eyni zamanda, Ağdərənin yeni, inkişaf edən simasını gördük. Bu, Böyük Qayıdış proqramının uğurla icrasını təsdiqləyir. “Dövlət başçımız Kəlbəcərdə sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində vacib mesajlar da səsləndirdi. İşğal dövründə Ermənistanın bir qarış belə torpaq qaytarmaq niyyətində olmadığını, ovaxtkı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə bütün səylərini münaqişənin dondurulmasına yönəltdiyini xatırlatdı. Cənab Prezident bir daha bəyan etdi ki, məhz həmsədrlərin qərəzli mövqeyi səbəbindən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı. İşğal dövründə təcavüzkara göstərilən hərtərəfli dəstəyin əsas məqsədi həm də azərbaycanlıların doğma yurdlarına qayıdışına mane olmaq idi. Lakin Azərbaycan öz gücü hesabına bu məkrli planların hamısını alt-üst edərək, ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi”, – deyə deputat əlavə edib.

N.Məmmədova vurğulayıb ki, mürəkkəb relyefə malik olan Kəlbəcərin bir güllə atılmadan qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra böyük uğuru idi. Azərbaycan regionda ədaləti təmin etdi, separatizmin kökünü kəsdi. Məhz Azərbaycanın gücü, siyasi iradəsi sayəsində regionda yeni reallıqlar yaranıb. Azərbaycan-Ermənistan münasibətləri də artıq yeni mərhələyə qədəm qoyub.

Deputat qeyd edib ki, rəsmi Bakının müəllifi olduğu, bu günlərdə paraflanmış sülh müqaviləsi Azərbaycanın maraqlarını təmin edir: “Bunu dövlət başçımız Kəlbəcər sakinləri ilə görüşündə də qeyd etdi. Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmək öhdəliyi götürüb. Cənab Prezident, eyni zamanda, tarixi diyarımız olan Naxçıvanla quru bağlantısının təmin olunmasına da diqqət çəkib. “Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”, – deyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dünya birliyi, beynəlxalq aləm bizim qələbəmizi və yeni reallıqları tam qəbul edir”.

N.Məmmədova bildirib ki, dövlətimizin başçısının verdiyi mesajlardan biri də vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşiliyin heç vaxt yaddaşımızdan silinməməsi idi: “Yəni Ermənistanla münasibətlər normallaşsa da, xalqımıza qarşı törədilən etnik təmizləmə, işğal, soyqırımı heç vaxt unudulmamalıdır. Müzəffər Ali Baş Komandan, həmçinin xəbərdarlıq etdi: “Əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, yenə də peşman olacaq”. Bu, həm Ermənistandakı revanşistlərə, həm də regionda eskalasiyada, yeni münaqişə ocağının yaranmasında maraqlı olan qüvvələrə xəbərdarlıq idi”.

 Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Seçilən
37
3
azerbaijan-news.az

5Mənbələr