AZ

Kolumbiyada gərginlik artır

 Terror hücumlarında azı 18 nəfər həlak olub, onlarla insan yaralanıb

Kolumbiyada həyata keçirilən iki ayrı hücumda azı 18 nəfər həlak olub, onlarla insan yaralanıb.  "Reuters" agentliyinin  xəbərinə görə, hücumlar keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri (FARC) üsyançıları ilə əlaqəsi olan qruplar tərəfindən törədilib.

Ölkənin ən çox əhalisi olan üçüncü şəhəri Kalidə partlayıcılarla dolu yük maşını eyniadlı hərbi aviasiya məktəbinin yerləşdiyi Marko Fidel Suarez aviabazasının yaxınlığında partlayıb. Meriyanın məlumatına görə, 6 nəfər ölüb, 71 nəfər yaralanıb. Çoxlu sayda evə ziyan dəyib.

Bir neçə saat əvvəl bir dron Medelyin şəhəri yaxınlığında, Antyokiya departamentinin şimalındakı Amalfi bələdiyyəsində "Black Hawk" polis helikopterinə hücum edib və nəticədə vertolyotda olan 12 nəfərin hamısı həlak olub.

Kali meri Alexandro Eder şəhərdə hərbi vəziyyət elan edib və böyük yük maşınlarının şəhərə daxil olmasını müvəqqəti olaraq qadağan edib. O, sakinləri hadisə ilə bağlı hər hansı məlumatı bildirməyə çağıraraq, 10 min ABŞ dolları məbləğində mükafat təklif edib.

Kolumbiya Prezidenti Qustavo Petro və ordu rəhbərliyi, vətəndaşları “qorumaq üçün əlavə tədbirlər müəyyən etmək” üçün Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcəklərini açıqlayıb.

Kolumbiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: "Dövlət terrorizmə təslim olmayacaq. Bu cinayətlər qanun çərçivəsində mühakimə olunacaq və cəzalandırılacaq".

Hücumlarda solçu üsyançı qrup olan Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) parçalanmış fraksiyaları günahlandırılıb. Bir çox ölkələr, o cümlədən ABŞ və Avropa Birliyi FARC-ı terror təşkilatı hesab edir. 2016-cı ildə qruplaşma və Kolumbiya hökuməti atəşkəs sazişi imzalasa da, FARC-ın bəzi hissələri sülh sazişini rədd edib.

Müdafiə naziri Pedro Sançes partlayışı "terror aktı" adlandırıb və "Mordisko kimi tanınan narkotik kartelini" günahlandırıb. Söhbət silahlı qruplaşmanın lideri İvan Mordiskodan gedir. Onun keçmiş FARC-ın ən böyük qolu olan EMC qrupu sülh sazişinə qoşulmayıb.

"Mülki insanlara qarşı qorxaqcasına hücum hüquq-mühafizə orqanlarının bu təhlükənin böyük hissəsini zərərsizləşdirdiyi Valle del Kauka, Kauka və Narinyo departamentlərində narkotik ticarətinə nəzarətin itirilməsinə ümidsiz reaksiya idi" deyə, nazir  sosial mediada yazıb.

Son aylar Kolumbiyada təhlükəsizlik qüvvələri ilə üsyançılar, narkotik kartelləri və hərbiləşdirilmiş qruplar arasında toqquşmalar artıb. Hücumlarda dronlardan getdikcə daha çox istifadə olunur. Məsələn, 2024-cü ildə 115 belə hücum qeydə alınıb. Keçən həftə ölkənin cənub-qərbində pilotsuz təyyarənin hücumu nəticəsində nəzarət-buraxılış məntəqəsini idarə edən üç əsgər həlak olub.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr