AZ

Qlobal nəqliyyat dəhlizlərində yeni mərhələ – Azərbaycan əsas oyunçu rolunda

“Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin iştirakı ilə yüksək səviyyəli üçtərəfli görüş keçirilir. Bu toplantı yalnız regional dialoqun deyil, həm də Türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyasının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
 
Millət vəkili qeyd edib ki,  görüşün gündəliyində enerji, nəqliyyat, ticarət və humanitar əməkdaşlıq kimi sahələr üzrə fikir mübadiləsi aparılır, qarşılıqlı maraqların müəyyənləşdirilməsi və birgə layihələrin icrasına dair müzakirələr keçirilir:
 
“Türkmənbaşı görüşü Türk Dövlətləri Təşkilatı çərçivəsində başlanan inteqrasiya proseslərinin praktik müstəviyə keçirilməsinə imkan yaradır. İqtisadi əməkdaşlıq, enerji resurslarının şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitlik məsələləri gündəmin əsas istiqamətlərini təşkil edir. Bu, Türk dünyasının beynəlxalq miqyasda mövqeyini gücləndirəcək və qlobal iqtisadi layihələrdə vahid mövqe nümayiş etdirməsinə şərait yaradacaq.
Azərbaycan üçün bu görüş bir neçə istiqamətdə strateji üstünlüklər təmin edir. Bakı–Türkmənbaşı–Daşkənd xətti üzərindən yeni nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsini gücləndirir. Xəzər hövzəsində Türkmənistanla birgə enerji layihələri, həmçinin Özbəkistanın enerji bazarı ilə əlaqələr Azərbaycanın enerji diplomatiyasını daha da genişləndirir. Üçtərəfli platformada iştirakı Azərbaycanı regionun əsas geosiyasi oyunçularından biri kimi möhkəmləndirir”.
 
Millət vəkili vurğulayıb ki, görüşdən sonra bir sıra konkret əməkdaşlıq sahələri üzrə razılaşmaların əldə olunacağı gözlənilir:
 “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun daha effektiv istifadəsi, qaz, elektrik enerjisi və bərpa olunan enerji sahələrində yeni əməkdaşlıq formatları, üç ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sənaye parkları və investisiya layihələrinin təşviqi, eləcə də elm, təhsil və mədəniyyət istiqamətində yeni proqramların icrası bu əməkdaşlığın gözlənilən nəticələrindəndir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
38
moderator.az

1Mənbələr