AZ

Valideynlər NARAZIDIR: Hər il minlərlə pul ödəyirlər amma dərslik verilmir...

Bir çox özəl liseylərdə dövlət məktəblərində dərs keçirilən dövlətin nəşri olan kitablarla tədris prosesi aparılır. Lakin buna baxmayaraq şagirdlərə kitab verilmir və onlar kitabları mağazalardan almaq məcburiyyətində qalırlar. Nəzər alsaq ki, hər kəsin təhsil almaq hüququ var və bunun üçün dövlət tərəfindən müəyyən büdcə ayrılır.


Bunun səbəbi nədir? Özəl liseylərə də dövlət dərsliklərinin verilməsi mümkün deyilmi?


Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən Referans-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları dərsliklərlə dövlət vəsaiti hesabına təmin olunur.


“Həmin Qaydanın 4.1-ci bəndinə əsasən, özəl ümumi təhsil müəssisələri üçün dərsliklərin və digər tədris-metodik vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir. Bununla yanaşı qeyd edirik ki, ümumi təhsil pilləsi üzrə Elm və Təhsil Nazirliyi tərəfindən istifadə hüququ verilən bütün dərsliklər www.trims.edu.az  saytında və www.e-derslik.edu.az portalında yerləşdirilmişdir. Həmin dərsliklər istifadə üçün hamıya açıqdır və qeyri-kommersial məqsədli çap oluna bilər”.

 

Təhsil eksperti Elşən Qafarov isə açıqlamasında bildirib ki, qanunvericiliyə görə, dərsliklərin verilməsi şagirdlərin sosial müdafiəsinə daxildir.




“Dövlət məktəblərində 2000-ci ildən etibarən dərsliklər ödənişsiz verilir. O cümlədən, qanunvericiliyə əsasən, əgər Azərbaycanda bələdiyyə məktəbləri fəaliyyət göstərsə idi, bələdiyyə məktəblərinin də dərsliklər dövlət tərəfindən pulsuz şəkildə təmin ediləcəkdi. Amma özəl ümumitəhsil müəssisələrində dərsliklərin təminatı məsələsi valideynlərlə bağlanmış müqavilə əsasında həyata keçirilir. Buna əsasən müəyyən olunur ki, dərsliklər valideynlərin ödədikləri ödənişə daxildir yoxsa valideynlər bunu ayrıca almalıdırlar”.

 

Ekspert qeyd edib ki, məsələnin başqa bir tərəfi isə lisey və gimnaziyalar, o cümlədən, özəl liseylər xüsusi proqram əsasında təhsil verməlidirlər. Onların adi məktəblərlə proqramları eyni deyil. Proqramları eyni olmadığına görə də, dərsliklər də eyni olmamalıdır.


“Təəssüflər olsun ki, bizim lisey və gimnaziyalar, özəl liseylərdə də adi ümumitəhsil məktəblərində istifadə olunan dərsliklər istifadə olunur. Halbuki beynəlxalq təcrübədə belədir ki, hər bir lisey və gimnaziyanın öz proqramlarına uyğun olaraq özlərinin dərslikləri olur. Hazırda Azərbaycanda özəl kurslar fəaliyyət göstərir. Bu kurslar belə öz proqramlarına uyğun olaraq şagirdləri kitablarla, dərsliklərlə təmin edirlər. Bu dərslikləri adətən onların öz müəllimləri, əməkdaşları hazırlayır və nəşr olunmuş formada tələbələrə təqdim olunur. Eləcə də bu müəllimlərin arasında elə həmin lisey və gimnaziyaların müəllimləri də var. Onlar bu bacarığa sahib ola-ola bu məsələdə maraqlı deyillər”.


Elşən Qafarov qeyd edib ki, ölkədə fəaliyyət göstərən bütün lisey və gimnaziyalar xüsusi dərsliklərlə təhsil sisteminə təşviq edilməlidirlər.

 

Fidan Vəlisoy 

Seçilən
4
referans.az

1Mənbələr