Çiçək Nəsirova: “Müşfiq o sözü ilə ürəyimə xal saldı, həmişə səksəkədə oldum, şəhid olacağı sanki ona əyan olmuşdu”
Hər igidin öz taleyi var, onların taleyini birləşdirən isə şəhidlik olur. Elə bilirik ki, bu oğulları eyni ana dünyaya gətirib. Yəni taleləri o qədər bənzər olur ki... Şəhid Nəsirov Müşfiq Əjdər oğlu da öz şəhid qardaşları kimi vətənə, yurda, el-obaya, bayrağına, torpağına bağlı olub.
Müşfiq Nəsirov müharibədə şəhid olmayıb, o, 21 dekabr 2022-ci ildə komandirinin döyüş təminatı ilə bağlı tapşırığını icra edərkən qəhrəmancasına şəhadətə yüksəlib.
Keçən ay Quba rayonunda yaradıcılıq ezamiyyətində olarkən bir çox şəhid ailələri ilə görüşdük. İndiyə kimi 15-ə yaxın qubalı şəhidlərdən yazı hazırlayımışıq. Şəhidlərimiz haqqında yazılar çap olunduqca başqa şəhidlərin valideynləri, ailə üzvləri redaksiyamızla əlaqə saxlayıb onların övladları barədə də yazmağımızı istəyirlər. Şəhidlərə əbədidir ehtiramımız. Bu səbəbdən də onların əzizlərinin zəng və mesajlarına biganə qalmırıq...
Müşfiq Nəsirovun anası Çiçək Nəsirova da bizimlə əlaqə saxlayıb, övladının qısa, lakin mənalı ömür yolu haqda bir yazı hazırlamağımızı istədi. Dedi ki, hər bir ana övladının unudulmamasını, əbədiyyən yaşamasını istəyir, mən də oğlumun adının kitablarda, yazılarda yaşamasını istəyirəm, bu mənə böyük bir təsəlli olar...
Müşfiq Əjdər oğlu Nəsirov 4 sentyabr 2002-ci ildə Quba rayon Suxtakələ kəndində müəllim ailəsində anadan olub.
Birinci sinfə 2008-ci ildə Quba rayon Suxtakələ kənd ümumi orta məktəbində gedib. Məktəb vaxtlarından hərbiyə böyük marağı olan Müşfiq Nəsirovun böyüyəndə ən böyük arzularından biri hərbiçi olmaq idi. Ailənin ən kiçik övladı olan Müşfiq məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə birinci kursuna daxil olur. O, 1 oktyabr 2020-ci ildə müharibə şəraitində hərbi xidmətə yollanır. Müşfiq ailəsi ilə danışanda tez-tez hərbi xidməti başa vurduqdan sonra orda qalıb hərbiçi olacağından bəhs edirdi.
“Ana, mən şəhid olsam neynəyərsən?...”
Daim vətənin keşiyində durmaq eşqilə yanan Müşfiq Nəsirov 21 dekabr 2022-ci ildə kamindirinin döyüş təminatı ilə bağlı tapşırığını icra edərkən qəhrəmancasına şəhadətə yüksəlib. 22 dekabr 2021-ci ildə Şəhid Müşfiq Nəsirov böyüyüb boya başa çatdığı doğma kəndində dəfn edilib.
Çiçək ana deyir ki, Müşfiq sıravi əsgər olub. “Dörd uşağımın sonbeşiyi Müşfiq idi. Müşfiqin özündən böyük iki bacısı, bir qardaşı var. Müşfiq tərxis olunmağına üç ay qalmış şəhid oldu. 2022-ci ilin aprel ayında əsgərliyini bitirib evə qayıtmalı idi. Yolunu gözləyirdik, amma tabutu gəldi.
Müşfiqin uşaq yaşlarından idmana həvəsi vardı, hərbiyə maraq göstərirdi. Dərs əlaçısı olub, sakit, nümunəvi şagird idi. Müşfiqin xasiyyəti uşaqlıqdan böyüklərə xas idi. İdman Akademiyasına sənəd verdi, alınmadı, kollecə qəbul oldu, fiziki tərbiyə müəllimli üzrə oxuyurdu, təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı...Arzuları çox idi balamın. Hansını birini deyim. Hərbiçi olmaq niyyəti vardı. Əsgərlikdən gələndən sonra Polis Akademiyasına sənəd verməyi də düşünürdü. Polisə, hərbiyə, idmana xüsusi marağı vardı. Nə deyim, taleyin işidir, qismətinə şəhidlik yazıldı”.
Ana deyir ki, Müşfiqin gözaltısı da olub, sevdiyi qızla evlənib ev-ocaq sahibi olmaq istəyirmiş, amma qismət olmayıb: “Nakam balamın istədiyi qız vardı. Qusardan qız istəyirdi...Amma qisməti belə oldu balamın...
Çox istəyirdim ki, Müşfiq əsgərlikdən gələndən sonra ona toy edək, evləndirək. Amma bu arzumuza çata bilmədik.
Çox yaxşı uşaq idi, mərd, sağlam əqidəli... Ağır təbiətli, heç kimlə işi olmayan balamın ömrü gənckən soldu...
Senytabrın 27-də Vətən müharibəsi başladı. Müşfiq isə oktyabrın 1-də əsgər getdi. 11 aydan sonra onu 10 günlük evə buraxdılar. Məzuniyyətə gələndə mənə dedi ki, “ana, mən şəhid olsam neynəyərsən? Mən onun sözündən darıxıb ağladım. Dedim ki, Müşfiq, o nə sözdür deyirsən? “Oğlum, müharibə qurtarıb. Mənə elə söz deyib ürəyimi yaralama. O da mənə “ana, şəhid olmağım yaxşıdır, onda səni hamı tanıyacaq”-cavabını verdi. Müşfiq o sözü ilə ürəyimə xal saldı, həmişə səksəkədə oldum, şəhid olacağı sanki ona əyan olmuşdu”-deyə ana yana-yana danışır.
Çiçək ana deyir ki, nə qədər yansalar da oğlunun xidməti vəzifəsini yerinə yetirərkən şəhid olması onlara az da olsa təsəllidir. Amma bu təsəlli də hər zaman onları ovutmur.
Gözlər yollardan yığılmaz,
Gedənin gəlmədi ana.
Arzuladın toy edəsən
Taleyi gülmədi ana.
Müşfiqin nakam taleyi ananın ürəyini dağlayır. Sonbeşiyinin arzuları yarımçıq qaldı, sevdasına qovuşa bilməsə də canı qədər sevdiyi ana torpağa qovuşdu...
Mən getmişdim məzarlığa
Gördüm bir qız yaman ağlar.
Sevdalısı şəhid olub
Qalmayıbdır güman, ağlar...
Bir şəhidimizin də qısa, lakin mənalı ömür yoluna ayna tutduq. Bu Vətənin hər bir şəhidi hansı şəraitdə bu uca zirvəyə yüksəlməsindən asılı olmayaraq bizim üçün əzizdir. Müşfiq də əziz şəhidlərimizin biri olaraq hər zaman qəlbimizdə yaşayacaq.
Vətən, sənin oğulların
Şir ürəkli, qurd səslidir...
Düşmən düşər vəlvələyə
Hər biri od nəfəslidir...
Şəhidlərin qəhrəmandı
Hər biri bir şirin candı.
İradə SARIYEVA