"Biz Əsəd rejimini devirdik və Suriyanın azadlığı uğrunda mübarizədə qalib gəldik. İndi qarşıda Suriyanın birləşdirilməsi döyüşü var..."
"BMT tribunasından başlayan diplomatiya İsrail və Suriya arasında təhlükəsizlik sazişinə yol açır..."
Sentyabrın 25-də İsrail və Suriya arasında təhlükəsizlik sahəsində tarixi bir saziş imzalanacağı bildirilir.
Moderator.az xəbər verir ki, bu barədə "Independent Arabia" qəzetnə danışan yüksək vəzifəli suriyalı mənbələr məlumat verib.
Məlumatda deyilir ki, imza mərasiminin ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutacağı vurğulanır.
Sazişdən bir gün əvvəl, yəni sentyabrın 24-də BMT Baş Assambleyasının Nyu-York sessiyasında Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şəranın çıxış edəcəyi gözlənilir.
Normallaşma yox, təhlükəsizlik anlaşması
Mənbələr bildirib ki, bu razılaşma iki ölkə arasında tam diplomatik normallaşma demək deyil. Əksinə, məqsəd qarşıdurmanı zəiflətmək, sərhədlərdə gərginliyi azaltmaq və bölgədəki münaqişələrin daha da dərinləşməsinin qarşısını almaqdır.
Xüsusilə, 1974-cü ildə İsrail və Suriya arasında imzalanmış "ayırıcı xətt" sazişinin yenidən qüvvəyə mindirilməsi müzakirə olunur. Həmin saziş BMT-nin nəzarəti altında Colan təpələrinin Suriya hissəsində bufer zona yaradılmasını təmin edib.
Paris danışıqları və regional koordinasiya
Məlumatlara görə, Suriya xarici işlər naziri Əsəd əş-Şibani Parisdə İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə görüşüb. Söhbətlər əsasən Suriyanın cənubundakı vəziyyətə dair koordinasiyaya və münaqişənin de-eskalasiyasına yönəlib. İyulun sonunda keçirilmiş əvvəlki görüş nəticəsiz qalsa da, tərəflərin danışıqları davam etdirməsi bu dəfə daha ciddi nəticələr doğura bilər.
Rəsmi SANA agentliyi də Şibani ilə İsrail nümayəndə heyətinin görüşünü təsdiqləyib, lakin Dermerin adını çəkməyib. Müzakirələrin əsas mövzuları "de-eskalasiya, Suriyanın daxili işlərinə müdaxilədən çəkinmək, atəşkəsə nəzarət və regional sabitlik" olub.
Suriyanın yeni rəhbərliyinin mesajı
Suriya prezidenti bu həftə xalqa müraciətində deyib: "Biz Əsəd rejimini devirdik və Suriyanın azadlığı uğrunda mübarizədə qalib gəldik. İndi qarşıda başqa bir döyüş var - Suriyanın birləşdirilməsi döyüşü. Amma bu, qan və güc hesabına olmamalıdır. Biz illərlə aparılan dağıdıcı müharibədən sonra qarşılıqlı anlaşmaya imkan verəcək bir mexanizm tapmalıyıq".
Onun sözlərinə görə, ölkənin gələcək taleyi yalnız hərbi qələbə ilə deyil, milli barışıq yolu ilə həll olunmalıdır. Əş-Şəranın çıxışında həmçinin Suriyanın druz icmasının İsraildən dəstək istəməsinin faydasız olduğu vurğulanıb: "Kiminsə xarici güclərə - istər İsrailə, istərsə də başqasına ümid bağlaması boş xəyaldır. Həqiqi dəstək Suriyanın öz birliyindədir".
Yaxın Şərqdə yeni mərhələ?
Əgər sentyabrın 25-də saziş həqiqətən imzalansa, bu, Yaxın Şərqdə son onilliklərin ən diqqətçəkən diplomatik hadisələrindən biri olacaq. İsrail və Suriyanın uzunmüddətli düşmənçiliyinin fonunda bu addım həm ABŞ-ın vasitəçi rolunu gücləndirə, həm də regionda yeni siyasi balans formalaşdıra bilər.