Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Bolqarıstan Respublikasında təşkil edilən “KWU-SENSHI” (Dünya Kyokuşin Birliyi) üzrə Dünya Kuboku uğrunda keçirilən yarışın qalibi Selcan Babayeva və onun məşqçisi, Azərbaycan Karate Federasiyasının məşqçi və müəllimi Vidadi Xəlilovla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Selcan Babayevanı “KWU-SENSHI” (Dünya Kyokuşin Birliyi) üzrə Dünya Kuboku uğrunda keçirilən yarışda I yer tutması münasibətilə təbrik edib, ona yeni-yeni nailiyyətlər arzulayıb.
Bildirib ki, ölkəmizdə idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, idmançılarımız Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında yüksək nəticələr əldə edir, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır və müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatlarına, Qran-pri yarışlarına uğurla ev sahibliyi edir.
Görüşdə Selcan Babayeva və onun məşqçisi Vidadi Xəlilov idmançılara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.