Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, inkişaf tendensiyası başladır
Bu gün dünya Vətən Müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin şahididir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi – məskunlaşma da sürətlə davam edir. Belə ki, avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlət başçısı Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində salınacaq 4-cü yaşayış kompleksinin də təməlini qoydular. Tədbirdə dövlət başçısına və birinci xanıma kompleksin gələcək imkanları barədə ətraflı məlumat verildi. Qeyd edək ki, kompleksin ümumi ərazisi 10 hektara yaxındır. Burada 807 ailənin məskunlaşdırılması planlaşdırılır. Tikiləcək 26 yaşayış binasının hər biri 4 mərtəbədən ibarət olacaq. Ümumilikdə 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı və 82 dördotaqlı mənzil nəzərdə tutulur. İlk mərtəbələrdə məişət və ticarət obyektləri yerləşəcək ki, bu da sakinlərin gündəlik ehtiyaclarının elə yaşadıqları məkan daxilində təmin olunmasına imkan verəcək. Lakin layihə yalnız yaşayış binaları ilə məhdudlaşmır. Burada uşaqlar üçün oyun meydançaları, idman sahələri, velosiped yolları, istirahət guşələri və söhbətgahlar inşa ediləcək. Ərazidə geniş yaşıllıq zonalarının salınması planı isə yeni kompleksə ekoloji baxımdan da sağlam mühit qazandıracaq. Bütün mənzillər daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Əslində, bu layihə təkcə yeni binaların inşası deyil, həm də Kəlbəcərin işğaldan sonrakı bərpasının canlı nümunəsidir. Onilliklər boyu didərgin düşmüş yüzlərlə ailə indi doğma yurdlarına qayıdaraq müasir standartlara cavab verən mənzillərdə yaşayacaq. Beləliklə, 4-cü yaşayış kompleksi təkcə memarlıq baxımından deyil, həm də sosial və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış”ın daha bir mərhələsi kimi tarixə düşür. Kəlbəcərdə salınacaq müasir məhəllə həm şəhərin simasını dəyişəcək, həm də burada yeni ictimai həyatın başlanğıcını qoyacaq. Ümumilikdə Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.
Göründüyü kimi, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası başlayır. Kəlbəcər rayonunda da yeni yaşayış kompleksinin, istirahət parkının bünövrəsi qoyuldu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı edildi, eyni zamanda dövlət başçısı rayona gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisu tunelinin texniki açılışını da etdi. Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı, Kəlbəcərin Azərbaycan iqtisadiyyatına, ölkəmizin digər ərazilərinə daha yaxından inteqrasiya imkanları yarandı. İlk növbədə, bu yollar, eləcə də rayonun öz daxilində yaşayış məntəqələri arasında salınan müasir yollar inteqrasiya və bazarlara çıxış üçün mühüm əhəmiyyət kəsb edir. 81 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu yolunun 11.6 kilometrini Murov dağının altından salınan tunel təşkil edir. Artıq işlərin yekunlaşmaq üzrə olduğu bu tunel mürəkkəb relyefə malik Kəlbəcərlə ilin bütün fəsillərində rahat əlaqə saxlamaq imkanı yaradacaqdır. Ümummilli Lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri yolların əhəmiyyətini tam mənası ilə ifadə edir. Harada yol var, orada inkişaf var, ona görə ki, yollar istehsal-satış proseslərini tamamlamağa və beləliklə də fasiləsiz fəaliyyəti təmin etməyə şərait yaradır.
Bu gün Kəlbəcərə Laçından, Murovdan (Ömər aşırımı), Ağdərədən, Suqovuşandan getmək mümkündür. Toğanalı-Murovdağ-İstisu yolu da rayonun və regionun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. 76 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolu, yol üzərində tunellərin, yol ötürücülərinin inşası davam etdirilir. Bu yol Kəlbəcərin Laçın Beynəlxalq Hava limanı ilə əlaqələrini intensivləşdirəcəkdir. Gələcəkdə isə Kəlbəcərə dəmir yolunun çəkilişi nəzərdə tutulur ki, bu da regionun dəmir yolu ilə də beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışına imkan verəcəkdir. Ən əsas məqamlardan biri odur ki, uzun illər sərt relyefə malik yolların ümidinə qalmış Kəlbəcərə artıq dəmir yolu çəkilməsinin də konseptual layihəsi hazırlanıb. Dəliməmmədli-Kəlbəcər dəmiryol xətti əsasən sərt iqlim şəraiti ilə fərqlənən Kəlbəcər və Laçın rayonlarının turizm perspektivli ərazilərinin potensialından istifadədə, eləcə də sərnişinlər üçün avtomobilə alternativ nəqliyyat xidmətlərinin təqdim edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. O cümlədən dəmir yolunun çəkilişi regionda fəaliyyət göstərəcək təsərrüfat subyektlərinin, istehsalçıların bazara çevik və asan çıxışına şərait yaradacaq.
Qeyd edək ki, dövlət başçısının işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda 2022-ci ildə 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES), 2023-cü ildə 8,33 MVt gücündə “Çıraq-1”, 3,6 MVt gücündə “Çıraq-2”, 6,33 MVt gücündə “Qamışlı”, 5,3 MVt gücündə “Soyuqbulaq”, 3,4 MVt gücündə “Meydan” KSES-ləri, 2024-cü ildə isə 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyası və 4,3 MVt gücündə “Zar” KSES istifadəyə verilib. “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən Müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Gücü 22,5 MVt olan bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Prezident İlham Əliyev ötən dörd ildə Kəlbəcərə səfərləri zamanı elektrik yarımstansiyalarının, Su Elektrik stansiyalarının, avtomobil yollarının, tunellərin, “İstisu” sanatoriyasının, “İstisu” mineral su zavodunun, Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər şəhərində yaşayış məhəllələrinin, məktəb binasının, inzibati binanın, İşğal və Zəfər muzeyləri kompleksinin, Zallar, Yanşaq, Zar kəndlərinin, İstisu qəsəbəsinin təməlini qoyub, rayonda həyata keçirilən quruculuq işləri ilə tanış olub. Artıq təməli qoyulan obyektlərin bir çoxunun tikintisi başa çatdırılaraq istifadəyə verilib, digərlərində isə işlər yüksək keyfiyyətlə davam etdirilir.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 44 günlük Vətən Müharibəsindəki tarixi zəfərdən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Həmin tarixdən başlayaraq digər işğaldan azad edilən ərazilərimiz kimi Kəlbəcər rayonu da yeni inkişaf dövrünə qədəm qoydu. Kəlbəcərin şimal hissəsi İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman, Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Bununla da Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bilmiş və nəticədə erməni silahlı qüvvələri Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilməmişdilər. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması Ermənistanın işğalçı ordusuna vurulan sarsıdıcı zərbənin və ölkə başçımızın hərbi əməliyyatlarla yanaşı apardığı fəal, intensiv beynəlxalq diplomatiyanın nəticəsi idi. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.
Sevinc Azadi, “İki sahil”