AZ

Bakı Tbilisi Qars xətti əhəmiyyətini itirmir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yeni dəmir yolu, alternativ nəqliyyat marşrutları regionda rəqabəti gücləndirəcək

Natiq Cəfərli: “Hər iki yol maksimal yüklənmə ilə imkanları artırır”

Avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi) tikintisinə başlanması mərasimi keçirilib. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu mərasim iştirakçıları qarşısında çıxış edib. Uraloğlu 224 kilometrlik Qars-Naxçıvan dəmir yolunu Türkiyənin regional və qlobal aktorlar ilə əlaqələrinin inkişafı üçün mühüm təkan, Ankaranın geostrateji liderliyinə töhfə adlandırıb. 

“Yeni dəmir yolu marşrutunun işə düşməsi ilə Cənubi Qafqazda sülh və inkişafın yeni səhifəsi açılacaq. Biz bütün Avrasiyanın gələcəyinə təsir edəcək bir təşəbbüs həyata keçiririk”. Nazir Qərblə Şərq arasında təbii körpü olan Türkiyənin geostrateji mövqeyinə diqqət çəkərək ölkənin beynəlxalq əhəmiyyətli logistika, nəqliyyat və ticarət mərkəzinə çevrilməsinə imkan yaradan meqalayihələri sadalayıb. Onun sözlərinə görə, Türkiyə hökuməti son onilliklərdə respublikanın dəmir yolu şəbəkələrinin inkişafına xüsusi diqqət yetirir, dəmir yollarını ölkənin aparıcı limanları və sənaye zonaları ilə birləşdirməyə çalışır: "Son 23 ildə Türkiyənin nəqliyyat sektoruna qoyulmuş 300 milyard dollar sərmayənin 64 milyard dolları dəmir yollarına sərf olunub". O əlavə edib: "Bu gün biz təkcə dəmir yolunun tikintisinin başlanması mərasimində iştirak etmirik, həm də Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirən körpünün təməlqoyma mərasiminin canlı şahidləriyik. Bu layihə Pekindən Londona qədər geniş ərazidə sosial-iqtisadi əlaqələrin hərtərəfli inkişafı üçün stimul olacaq". Nazir vurğulayıb ki, Qars-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində atılan konkret addım və Avrasiyada sülh və əməkdaşlıq üzrə Yol Xəritəsidir. Nəqliyyat Nazirliyinin rəhbəri yeni dəmir yolunun Türkiyənin mərkəzi nəqliyyat arteriyalarından birinə çevriləcəyinə əminliyini bildirib. O əlavə edib ki, Zəngəzur dəhlizinin mühüm halqası olan strateji layihənin 4-5 il ərzində başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, layihə üçün Türkiyə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib. Bu xətt 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşası nəzərdə tutulur. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov dəmir yolunun, nəzərdə tutulduğu kimi, ikixətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcəyini deyib. O qeyd edib ki, bu layihə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılmış mühüm tarixi addım hesab olunur. A.Əsədov vurğulayıb ki, Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək: 

"Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd dəmir yolu tikintisinin 67 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhədində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi tikəcək. Burada 150 kilometr öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaq, 20 kilometr dəmir yolu isə sıfırdan salınacaq. 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı məsələlər də aydınlaşmaq üzrədir və bütün hallarda qeyd edilən dəmir yolu tikintisi işlərinin eyni vaxtda tamamlanması planlaşdırılır. Bundan başqa, dəhliz uzun müddətdir blokada şəraitində olan Naxçıvan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradacaq. Təbii ki, regionun digər ölkələri üçün, o cümlədən Ermənistan üçün bu dəhliz faydalı ola bilər – ölkə tranzit mərkəzinə çevrilə, xarici bazarlara çıxış əldə edə və investisiyaların cəlbi baxımından təşviqedici ola bilər. Nəticə olaraq, Naxçıvan-Bakı əlaqələrini intensivləşdirəcək bu dəmir yolunun bərpası və tikintisi təkcə regional deyil, həm də beynəlxalq diqqət mərkəzindədir. ABŞ də daxil olmaqla bir çox ölkələr bu prosesə ciddi maraq göstərir və strateji əhəmiyyətini vurğulayırlar. Həm də ona görə ki, Orta dəhlizlə davamlı olaraq artan yük axınını aşıra biləcək yeni dəhlizlərə (yollara) ehtiyac var. Daha konkret desək, bu gün təməli qoyulan yolun tamamlanması ilə yük axınlarının yeni bir marşrutu formalaşacaq. Bu yeni yol Bakı-Tbilisi-Qars xəttinə alternativ deyil, onu tamamlayan, yük axınlarını birgə aşırmağa imkan verən əməkdaşlıq yoludur. Təməli qoyulan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu isə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji bir qazancdır. Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixdə qalacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, alternativ marşrutların olması hər zaman müsbət haldır: 

"Yükdaşımaların öz alqoritmi olur. Sifarişçilərin Bakı-Tbilisi-Qars xətti ilə bağlı öz sifarişləri ola bilər.  Bu xəttin əhəmiyyəti təmamilə azala bilməz. Sadəcə, müəyyən bölgülər ola bilər. Gələcəkdə sifarişlər daha çox olarsa, hər iki yolun maksimal yüklənməsi ilə daşımaların həyata keçirilməsi mümkündür. Bu, Azərbaycanın da, yük göndərən ölkələrin də imkanlarını artırır. Digər ölkələr hansı yolun daha səmərəli, ucuz, sürətli və təhlükəsiz olduğuna fikir verəcəklər. Alternativlərin olması bu bölgədəki logistik xətlərə marağı artıran faktora çevirə bilər". 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
8
sherg.az

10Mənbələr